Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar

sosial sebeke

Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
Ağdaş rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə və Əlaqələndirmə Qərargahının üzvləri fermer təsərrüfatlarına və tikilməkdə olan soyuducu anbarlara baxış keçiriblər. Təsərrüfatların fəaliyyəti, əkin sahələrindən istifadə vəziyyəti və mövcud problemlərlə yerində tanış olunub, fermerlərin təklifləri dinlənilib.

Daha sonra Ağdaş Rayon İcra Hakimiyyətinin inzibati binasında fermer və sahibkarların, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması, suvarma təminatının yaxşılaşdırılması, fermerlərin qarşılaşdıqları problemlər və onların həlli yolları müzakirə olunub.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə aqrar sahənin inkişafının rayonun iqtisadi potensialının artırılması baxımından əhəmiyyətini vurğulayıb. Torpaq ehtiyatlarından səmərəli istifadə, əkin dövriyyəsinin genişləndirilməsi və fermerlərin fəaliyyətinə mane olan məsələlərin operativ həlli istiqamətində aidiyyəti qurumlarla işin davam etdirildiyi bildirilib.

Qeyd olunub ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 29 iyul 2026-cı il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı tərəfindən aqrar sahədə yaranan məsələlərin operativ həlli, fermer və sahibkarların müraciətlərinin aidiyyəti qurumlara yönləndirilməsi və görülən işlərin əlaqələndirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev Dövlət Proqramının əsas hədəflərindən və aqrar sahədə qarşıda duran vəzifələrdən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə isə Aqrar Subsidiya Şurasının yeni qərarları, subsidiya mexanizmləri və fermerlər üçün nəzərdə tutulan dövlət dəstəyi barədə məlumat verib.

Görüşdə fermer və sahibkarların təklifləri dinlənilib, qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq izahatlar verilib və onların həlli istiqamətində tədbirlərin görülməsi müəyyənləşdirilib.











SON XƏBƏRLƏR