Slovakiyanın Baş nazirin müavini, mədəniyyət naziri Martina Şimkoviçova dekabrda Azərbaycana işgüzar səfər edəcək.
"Memurtv.az" xəbər verir ki, bu barədə o, Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev və fəxri konsul Cəlal Qasımovla görüşün yekunlarına dair sosial şəbəkələrdə məlumat verib.
"Biz Slovakiya-Azərbaycan mədəni əlaqələrinin gələcək inkişaf imkanlarını, eləcə də dekabr ayında Azərbaycana edəcəyim işgüzar səfərin hazırlıqlarını müzakirə etdik. Mədəniyyətin ölkələrimiz arasında inkişaf edən strateji tərəfdaşlığın bir hissəsi olması məni sevindirir. Bizim ümumi məqsədimiz mədəniyyət müəssisələri, incəsənət xadimləri və ekspertlər arasında birbaşa əlaqələr üçün şərait yaratmaq, həmçinin birgə layihələrin həyata keçirilməsinə kömək etməkdir", - o yazıb.
Nazir, həmçinin ənənəvi mədəniyyət, incəsənət, kino və mədəni irsin qorunması sahəsində əməkdaşlığın əhəmiyyətli potensialını qeyd edib. O bildirib ki, dekabr ayında Azərbaycana səfəri zamanı qarşılıqlı fəaliyyətin daha da dərinləşəcəyinə ümid bəsləyir.




