Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər heyəti Bakıda İnstitutun İslamşünaslıq ixtisasının I kurs tələbəsi Mirxəlil Kazımzadənin ailəsini ziyarət ediblər.
"Memurtv.az" xəbər verir ki, "Qonağınız müəllimlərinizdir" layihəsi çərçivəsində keçirilən görüşdə Ramin Məmmədov gənclərin təhsilinə, dünyagörüşünün formalaşmasına və mənəvi inkişafına göstərilən diqqətin cəmiyyətin gələcəyinə qoyulan mühüm sərmayə olduğunu bildirib.
Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənc nəslin hərtərəfli inkişafı, keyfiyyətli təhsillə təmin olunması, milli-mənəvi dəyərlərə bağlı və müasir dünyagörüşlü şəxsiyyətlər kimi yetişməsi prioritet istiqamətlərdəndir. Bu siyasətin mühüm tərkib hissəsi olan dini təhsil sahəsində də yüksəkixtisaslı kadrların hazırlanması və sağlam dini düşüncənin təşviqi xüsusi əhəmiyyət daşıyır.
O, bu sahədə təhsil alan gənclərin dini bilikləri dərindən mənimsəməklə yanaşı, sağlam dini düşüncənin, humanist dəyərlərin, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin daşıyıcıları kimi yetişmələrinin vacibliyini diqqətə çatdırıb.
Ramin Məmmədov tələbələrin yetişməsində ailənin roluna da toxunaraq, təhsil müəssisəsi ilə ailə arasında qarşılıqlı etimad və əməkdaşlığın gənclərin inkişafına, onların gələcək hədəflərinə doğru inamla irəliləməsinə mühüm töhfə verdiyini söyləyib.
Mirxəlil Kazımzadənin ailə üzvləri göstərilən diqqətə və səmimi münasibətə, eləcə də övladlarının savadlı, məsuliyyətli və cəmiyyətə faydalı mütəxəssis kimi yetişməsi üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.






