Azərbaycan və İtaliya arasında sənaye əməkdaşlığının perspektivli istiqamətlərindən biri dağ-mədən və metallurgiya sənayesidir.


"Memurtv.az " xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.


O, qeyd edib ki, bu sahədə məqsəd yeni xammalın daha dərin emalını təmin etmək, yüksək əlavə dəyərli məhsulların istehsalını və ixracını artırmaqdır: "İtaliyanın maşınqayırma və metallurgiya sahəsində zəngin təcrübəsi Azərbaycanda texnologiya transferi, yerli istehsalın gücləndirilməsi və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə layihələr üçün geniş imkanlar yaradır. Bu baxımdan İtaliya ilə kritik xammal sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu ilin oktyabrında Romada kritik xammal sahəsində strateji əməkdaşlığa dair birgə bəyannamə imzaladıq. Bu gün kritik xammallar sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanacaq. Memorandum Qafqaz, Mərkəzi Asiya və Afrika regionlarında birgə layihələrin müəyyənləşdirilməsini, Azərbaycanın regional logistika imkanlarından, o cümlədən Orta Dəhlizdən istifadə etməklə xammalın İtaliya və Avropanın sənaye təchizat zəncirlərinə inteqrasiyasını nəzərdə tutur".


Bundan başqa, nazir əlavə edib ki, süni intellekt və rəqəmsallaşma Azərbaycanın iqtisadi inkişaf gündəliyinin prioritet istiqamətlərindən biridir: "Bu sahədə dövlət proqramları qəbul edilib. 2027-ci ildən etibarən innovasiya, startap və texnologiya parklarının rezidentləri üçün 20 ilə qədər müddəti əhatə edən vergi güzəştləri tətbiq olunacaq. Düşünürəm ki, İtalyan tərəfdaşlarımızın investisiya qərarlarında və birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində hər iki ölkənin ixtisaslaşmış qurumlarının imzaladığı anlaşma memorandumu faydalı çərçivə rolunu oynayır".