
“Sabah” Çempionlar Liqasının Liqa mərhələsinə adını yazdırmaqla həm öz qısa tarixində, həm də Azərbaycan futbolu tarixində yeni bir səhifə açdı. Litvalı məşqçi Valdas Dambrauskasın gəlişi ilə komanda ardıcıl çempionluqlar qazanan “Qarabağ”ın titulunu əlindən aldı, daha sonra onların etdiyi kimi, qitənin ən nüfuzlu turnirində mübarizə aparmaq hüququ qazandı.
Komandanın bu il 4 mərhələ keçib Liqa mərhələsinə qədər irəliləməsində əsas pay sahiblərindən biri də Azərbaycan millisinin üzvü Rəhman Daşdəmirov oldu. 10 legionerin yanında bütün oyunlarda meydana çıxan müdafiəçi həm inamlı oyunu, həm də liderliyi ilə diqqət çəkməyi bacardı.
Təsnifat mərhələsinin 8 matçında əvəzedilməz olan R.Daşdəmirov milli komandanın da əsas üzvlərindəndir. O, Azərbaycan yığmasının heyətində son 4 matçın 3-də meydanda olub.
Qazandığı uğurlarla yanaşı, futbolçuların şəxsi həyatı da daim maraqlı gündəm mövzusu olub. Onların meydandan və məşqlərdən kənarda necə davrandıqları, sıx qrafikə baxmayaraq ailələri ilə keçirdiyi zaman diqqət çəkib.
Bunları nəzərə alaraq Rəhman Daşdəmirov və həyat yoldaşı ilə söhbətləşmək qərarına gəldik. Futbolçu və xanımı Aynur Daşdəmirova “Qafqazinfo”ya müsahibəsində maraqlı məqamlardan danışdılar:
Əvvəlcə, Rəhman Daşdəmirov komandasının qazandığı uğurdan, Bakının müxtəlif küçələrində göstərilən “Sabah” Çempionlar Liqasında” yazılarından söz açdı: “Həmişə dostlarım şəhərdə olanda çəkib atırlar ki, Rəhman, bu sizsiniz. Adam baxır, qürurlanır. Düşünürsən ki, bu uğurların arxasındakı adamlardan biri sənsən. Tarix yazmısan”.
Təcrübəli müdafiəçi uğurların başında olan baş məşqçi Valdas Dambrauskasdan da söz açıb: “Hər gün ayrı-ayrı futbolçularla danışır. Mənimlə də söhbətlər edir. Zarafat edir, səmimidir, deyir-gülür çox vaxt. Bəzən əsəbiləşdiyi, adamın üstünə qışqırdığı da olur. Amma sonradan hər şey qaydasına düşür. Mövsüm başlayanda çempion olacağımızı düşünmürdük. Bu uğuru qazanmaq, sonra Çempionlar Liqasına getmək xəyal kimi idi. Amma mövsümün sonunda nəticə gəldikdə birincilik üçün oynadıq. Düşünmürdük ki, biz Çempionlar Liqasına düşərik”.
Aynur xanım isə Rəhmanın da meydanda olduğu Çempionlar Liqasının pey-off mərhələsində “Hapoel” (Beer-Şeva) ilə cavab matçını xatırlayıb: “Matç bitəndə boğazım ağrıyırdı. “Sabah” qol vuranda hamı qışqırırdı, amma mənim gözümdən yaş tökülürdü”.
Rəhman “Hapoel”lə matçın pik nöqtəsi olan Tellur Mütəllimovun qolundan əvvəl yaşananlardan danışıb: “Bir gün Çempionlar Liqasında təsnifat mərhələsinin hansısa oyunundan qayıdırdıq. Tərcüməçimiz Nahid Ramazanov, Tellur və mən söhbət edirdik. Tellur da oynamır və pis olub ki, kaş ki, heç olmasa 3-5 dəqiqə oynayaydım. Nahid də ona dedi ki, “Tellur, sən hansısa oyunda meydana çıxacaqsan və qol vuracaqsan. Bu olsa, mənə ətir hədiyyə edərsən”. Tellur dedi ki, “baş üstə, edərəm”. “Hapoel”lə oyunda qol vurduqdan sonra həmin söhbət bir neçə saniyə içində gözümün önündən keçdi”.
Xanımı isə matçlardan öncə Rəhmana necə motivasiya etdiyini və nələrdən danışdığını belə təsvir edib: “Oyundan öncə danışırıq və özündən soruşuram ki, matç necə olacaq? Bəzən deyir ki, yaxşı olacaq. Onda məndə inam yaranır. Amma bəzən deyir ki, “görək də, Aynur, Allah kərimdir”. Onda bilirəm ki, daha ciddi matça hazırlaşırlar. Sözüm həmişə o olur ki, nə olursa-olsun, özünüzə inanın”.
“Valdas mətbuat konfranslarında çox danışan məşqçi kimi tanınır. Məşqlərdə də eynidir?” sualına isə Rəhman belə cavab verib: “Bizim komandada Eddi var (red: Valdasın köməkçisi Eddi Kordozonu nəzərdə tutur) və mən ondan soruşuram ki, Valdas nə qədər kitab oxuyur? Deyir ki, bir həftədə 4 kitab oxuyur. Baxdım ki, çətin bir şeyi edir. Özü də deyir ki, səyahətlərdə 3 kitab götürürəm ki, birdən hansısa bitər, digərini oxuyum. Hər şeylə maraqlanan adamdır. Təyyarədə olanda hamımız yatsaq da, o yatmır. Ancaq danışır”.
Aynur xanım Rəhmanla tanışlıqlarını belə xatırlayır: “Məni universitetdən rəfiqəmin “İnstagram”ında görmüşdü və izləməyə başlamışdı. Bir 2-3 gün onu qəbul etmədim. Profili bağlı idi və şəklinə baxanda xoşuma gəldi. Amma yenə də qəbul etmədim. Sonra başladı mənə yazmağa. Bir gün oxuduğum akademiyanın həyətinə gəldi və məni gördü. Bunun danışığı, gülməyi adamı “tutur”. Özü də bunun “dili var”. Tanışlıqdan sonra 5 il sevgili olduq. Daha sonra əsgərliyə getdi. Qayıtdıqdan sonra nişanlandıq və evləndik. Evləndiyimiz il “Sabah”a keçdi”.
Rəhman da həmin vaxtlardan danışıb: “Aynurla eyni hazırlığa gedən bir qız var idi. Ondan soruşdum. Dedi ki, çox çətin qızdır və bu məndə maraq yaratdı. Ondan sonra 3-4 gün yazdım. Sonradan cavab yazdı. Sinif yoldaşımdan bilirdim ki, Rəssamlıq Akademiyasına hazırlaşır. Ora gedib gördük və əlaqəmiz yarandı”.
Futbolçu əsgərliyə getdiyi və MOİK-də oynadığı zamanları da unutmayıb: “Səbail”in əvəzedici komandasında oynayırdım. Həmin vaxt pandemiyaya görə futbol dayandı. Mən də 10 gün sonra hərbi xidmətə yollanmalı idim. Amma milli komandanın üzvü olduğum üçün MOİK-də xidmət keçməli idim. Çağırışdan sonra gedib düşdüm Ağcəbədiyə. Şok içində idim ki, karyeram bitdi. Aynura da dedim ki, buradan qayıdandan sonra nə olacağını bilmirəm. Düşünürdüm ki, futbolla davam etməyəcəyəm. Milli komandada Anar müəllim var idi və o, sənədlə Müdafiə Nazirliyinə müraciət etdi. Onlar təsdiqlədikdən sonra MOİK-ə gəldim. Andiçmə oldu və burada baş verənlər kino kimi idi. Andiçmədən sonra hərbi hissəyə düzülüş vermişdilər və mən də orada idim. Bir əsgər gəldi ki, 15-ci bölükdən Daşdəmirov Rəhman lazımdır. Bizə də “fərəqət” komandası vermişdilər. O, çağırdıqdan sonra irəli çıxdım və hərbi hissə komandiri üstümə qışqırdı ki, yerinə keç. Sonra arxamda həmin adam məni götürdü və oradan ayrıldıq. Qaça-qaça gedirdim və düşünürdüm ki, əsgərlik bitdi. Hərbi geyimlərimi əsgərlərə hədiyyə edirdim. Amma konsert ondan sonra imiş. Bakıya – 20 nömrəli məktəbə gəldik. Maksimum 30 nəfər əsgər idik. Cüdoçu, voleybolçu və sair idman növlərindən idmançılar var idi. Sonra gəldim MOİK-in komandasına və orada oynamağa başladım. Bir məşqçi var idi - Ramil müəllim, (red: Ramil Əliyevi nəzərdə tutur) sağ olsun, mənə deyirdi ki, səndən futbolçu olmayacaq. Xarakterimə görə bunu bildirirdi. Müharibə dövrü olduğu üçün müəyyən çətinliklər də var idi. Ramil müəllim məni hər mövqedə oynadırdı. 8 nömrə, 10 nömrə və sair. Müdafiəçi ola-ola məni başqa mövqelərdə sınayırdı”.
“Rəhman çox vaxt toplanışlarda, oyunlarda olur. Evdə tək qalanda darıxmırsınız?” sualını Aynur xanım bu cür cavablandırıb: “Mənfi tərəfləri odur ki, adam evdə çox tək qalır. Amma onu müsbətə çevirməyə çalışıram. Mən evdə çoxluq içində yaşamışam deyə bu mənə qəribə gəlirdi. Mənim üçün çox da problem yoxdur. Əsas odur ki, Rəhman uğur qazansın. Özü də bilir ki, heç vaxt qarşısında daş hörmərəm. Rəhman çox çətin günlərdən keçib. Bəlkə də, kim olsa, deyərdi ki, “sağ ol”, onunla danışmazdı. Çünki Rəhmanın içindəkini bilirdim. Özündən inamlı danışırdı. Deyirdi ki, “Aynur, hər şey yaxşı olacaq”.
Rəhman isə ailədən ayrı qalmağın çətinliklərindən söz açıb: “Millidə də, klubda da olanda adam uşaq üçün, ev üçün darıxır. Daha çox xaricdə olanda çətin gəlir. Adam nə qədər otaqda “Playstation” oynayar?”
“Futbol, yoxsa ailə?” sualını Rəhman belə cavablandırıb: “Mən həmişə demişəm ki, həyatda ən böyük uğurum ailəmdir”.
Xanımı isə onunla razılaşmayıb: “Məncə, əsas futboldur”.
Aynur xanım deyir ki, Rəhman uduzanda çox kefsiz olur və heç kəslə danışmaq istəmir: “Deyir ki, heç zənglərə də cavab vermək istəmirəm”.
“Xanım jurnalistlər Rəhmandan müsahibə alanda əsəbiləşirsiniz? Çünki sizinlə bağlı belə bir halın şahidi olmuşdum. Bir xanım jurnalist yaxınlaşdı və Rəhman danışmadı. O yaxınlaşanda sanki siz əsəbiləşdiniz. Bu sizə problemdir?” sualına Aynur xanım bu cür cavab verib: “Əslində, xoşum gəlmir bu cür şeylərdən. Çünki niyyət başqa olur, amma sanki işini görür. Əvvəllər belə düşünmürdüm. Deyirdim ki, nə var ee burada? Amma indi məsafə qoymaq yaxşıdır. Müsahibə versəydi, gedib özüm də deyəcəkdim ki, “gəl bura”. Qoymayacaqdım. Yaxşı ki, özü gəldi”.
Rəhman milli komandanın Millətlər Liqasında Lixtenşteynlə heç-heçə etdiyi matçı xatırlayıb: “Biz öz gücümüzü bilirdik. Çox pis nəticə idi. Hamı tənqid edirdi, amma biz özümüz də dəhşət pis idik. Telefonları kənara atıb hamımız başımızı tutmuşduq. Utanırdım həmin nəticədən”.
Aynur xanım isə tənqidlərlə barışa bilmir: “Bu cür tənqidlər olmamalıdır. Başa düşürəm ki, nəticə pisdir. Amma ağır şərhlər doğru deyil. Bunu tərbiyəyə bağlayıram”.
Millimizin müdafiəçisi Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzduqları oyundan sonra tənqid olunmasına və baş məşqçi Valdas Dambrauskasın onu müdafiə etməsinə də münasibət bildirib: “Açığı, oyundan sonra çox tənqid görmədim. Amma jurnalistlərdən biri bu barədə sual vermişdi. Valdas da gəlib mənə dedi ki, sizin insanlar niyə irəli getməyinizə sevinmək əvəzinə, ayağınızdan dartır?. Buna çox pis oldum. Düşündüm ki, niyə litvalı məşqçi gəlib mənə bu sözü deməlidir?”
Cütlük övladlarını idmançı kimi yetişdirmək istəyir. Aynur xanım bunu yoldaşı ilə müzakirə etdiyini də əlavə edib: “İdmançı olmasını istəyərəm. Bunu müzakirə etmişik. Futbolçu olaraq deyə bilmərəm, amma başqa idman sahələrində sınamaq olar”.
Elsevər Məmmədov
Fotolar-Video: Pərvin Zeynal, Xəyal Vəlizadə
“Profili bağlı idi, şəklinə baxanda xoşuma gəldi” - Videomüsahibə
sosial sebeke

















