
Kosovo Parlamentində keçirilən səsvermədə Kosovo Elmlər və İncəsənət Akademiyasının (ASHAK) prezidenti, 73 yaşlı Yustina Şiroka Pula ölkənin yeni prezidenti seçilib.
“Qafqazinfo” xəbər verir ki, 120 yerlik parlamentdə səsvermədə 84 deputat iştirak edib.
Yustina Şiroka Pula 81 səs toplayıb, onun rəqibi, Kosovo Demokratik Partiyasının (PDK) deputatı Eliza Hoca 1 səs alıb. İki səs etibarsız hesab edilib.
Səsvermədən sonra Yustina Şiroka Pula prezident kimi and içib. O, çıxışında bütün Kosovo vətəndaşlarının prezidenti olacağını, ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması üçün çalışacağını bildirib.
Kosovo Baş naziri Albin Kurti gün ərzində prezidentliyə bir neçə namizəd irəli sürsə də, onların namizədliyi müxalifət partiyaları tərəfindən qəbul edilməyib. Kurti axşam saatlarında Yustina Şiroka Pulanı prezidentliyə namizəd göstərib.
İqtisadiyyat üzrə akademik olan Yustina Şiroka Pula 2008-2011-ci illərdə Kosovonun energetika və mədən naziri, 2011-2014-cü illərdə isə parlament deputatı vəzifələrində çalışıb. O, 2025-ci ilin dekabrında Kosovo Elmlər və İncəsənət Akademiyasının prezidenti seçilib.
Qeyd edək ki, Kosovo Konstitusiya Məhkəməsi daha əvvəl yeni prezidentin seçilməsi üçün konstitusiyada nəzərdə tutulan 60 günlük müddətin avqustun 8-də başladığını və parlamentin buraxılacağı oktyabrın 6-da başa çatacağını açıqlamışdı.
Kosovonun yeni prezidenti o oldu
sosial sebeke

















