Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) baş katibi Dima Əl Yəhya Azərbaycana səfər edəcəyini bildirib.
"MemurTv.az" xəbər verir ki, o, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyevlə görüşün yekunlarına dair "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ər-Riyadda səmimi görüş, qarşıda isə lap tezliklə - Azərbaycana maraqlı səfər var. Qarşıdan gələn səfərim ərəfəsində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyevlə yenidən görüşməyimə şadam", - o qeyd edib.
D.Yəhya həmçinin vurğulayıb ki, "Digital Economy Navigator"un məlumatlarına görə Azərbaycanın rəqəmsal inkişafı, xüsusilə sosial inteqrasiya üçün rəqəmsal texnologiyaların tətbiqinin yüksək səviyyəsi (83,4 %) heyranlıq doğurur.
"Bu tərəqqini şəxsən görmək və əməkdaşlığımızı daha da inkişaf etdirmək imkanını səbirsizliklə gözləyirəm", – o bildirib.
Qeyd edək ki, 2020-ci ilin noyabrında təsis edilmiş DCO rəqəmsal iqtisadiyyatın inklüziv artımını sürətləndirməyə və hər kəs üçün rəqəmsal rifahı təmin etməyə yönəlmiş qlobal çoxtərəfli təşkilatdır. Azərbaycanın Nəqliyyat və Rəqəmsal İqtisadiyyat Nazirliyi 2026-cı il sentyabrın 1-də ölkənin DCO üzvü olduğunu elan edib.
Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana səfər edəcəyini bildirib
sosial sebeke

















