
Prezident İlham Əliyev ötən gün dünyanın aparıcı investisiya şirkətlərindən olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teskini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı dövlət başçısının bu ilin yanvarında Davosda Konnor Teski ilə görüşü məmnunluqla xatırlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyəti qeyd edilib.
Görüşdə ölkəmizlə şirkət arasında investisiya əməkdaşlığının genişləndirilməsi, xüsusilə enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur sahələrində potensial layihələr müzakirə olundu. Azərbaycanın enerji potensialının ölkəmizin regional enerji mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətinə toxunuldu.
İdarə etdiyi aktivlərin həcmi 1 trilyon ABŞ dollarını ötən “Brookfield” qlobal miqyasda enerji, telekommunikasiya, rəqəmsal infrastruktur, nəqliyyat və digər real aktivlərin iri sahibi və operatorlarından biridir. Şirkətin infrastruktur platforması 308 mindən çox telekommunikasiya obyektini, 77 min kilometr fiber-optik şəbəkəni, 150 data mərkəzini, 36 min 300 kilometrlik dəmir yolu şəbəkəsini və 3200 kilometr ödənişli avtomobil yolunu əhatə edir. Onun kommunal infrastruktur biznesləri dünyada 10 milyondan çox istehlakçıya xidmət göstərir.
Eyni zamanda ötən gün Prezident İlham Əliyevin keçirdiyi qəbullardan biri də aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti - “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə baş tutub.
Görüş zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), “BlackRock” və “Global Infrastructure Partners” (GIP) şirkəti arasında Davosda imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyətinə toxunulub. Azərbaycan ilə şirkət arasında investisiya əməkdaşlığının inkişafından məmnunluq ifadə edildi, əldə olunmuş nəticələr və tərəfdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda ölkəmizin infrastruktur sahəsində investisiya imkanları, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu istiqamətlərində potensial əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Global Infrastructure Partners” şirkəti 2024-cü ildən dünyanın ən böyük investisiya idarəetmə şirkəti olan “BlackRock”un tərkibində fəaliyyət göstərir. İdarə olunan aktivlərinin həcmi 15,3 trilyon ABŞ dolları təşkil edən “BlackRock” enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir. “Global Infrastructure Partners”in (GIP) idarə etdiyi aktivlərin həcmi isə 170 milyard ABŞ dollarıdır. Bu şirkət, həmçinin “BlackRock”, “Microsoft” və “MGX” ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindəndir.
Sentyabrın 25-də Prezident İlham Əliyev həm də dünyanın aparıcı investisiya şirkətlərindən olan “Neuberger Berman”ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.
Bu görüşdə dövlət başçısı bu ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını vurğulayıb.
Eyni zamanda Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olundu, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
2016-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Neuberger Berman” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.
Qeyd etmək lazımdır ki, 1939-cu ildə Nyu-Yorkda yaradılmış “Neuberger Berman” dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir.
613 milyard ABŞ dolları məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard ABŞ dollarından artıq investisiya öhdəliklərini idarə edir. Platformanın investisiya etdiyi fondların portfelləri 10 min 400-dən çox şirkəti əhatə edir ki, bu da “Neuberger Berman”ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir.
Azərbaycanın qlobal investisiya tərəfdaşlığı genişlənir - Ən nəhənglər Bakıda
sosial sebeke

















