Yalçın Rəfiyev: Azərbaycan beynəlxalq əməkdaşlığın yeni mexanizmlərini yaratmağa davam edəcək

sosial sebeke

Yalçın Rəfiyev: Azərbaycan beynəlxalq əməkdaşlığın yeni mexanizmlərini yaratmağa davam edəcəkAzərbaycan inkişaf sahəsində beynəlxalq əməkdaşlığı daha da genişləndirmək, mövcud tərəfdaşlıqları gücləndirmək və yeni qarşılıqlı fəaliyyət mexanizmləri yaratmaq niyyətindədir.

"MemurTv.az" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi" mövzusunda konfransın bağlanış mərasimində deyib.

Konfrans Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) 15 illiyinə həsr olunub.

"AIDA-nın 15 illik yubileyi qarşılıqlı fəaliyyətimizin yeni vektorlarını müəyyənləşdirmək üçün gözəl fürsətdir. Növbəti mərhələdə toplanmış təcrübəyə əsaslanaraq, yeni tərəfdaşlıqların yaradılması, əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və inkişaf sahəsində qlobal gündəliyə praktiki töhfənin genişləndirilməsi əsas prioritetlərimiz olaraq qalacaq", - Rəfiyev bildirib.

Onun sözlərinə görə, AIDA-nın təcrübəsi göstərir ki, inkişaf naminə əməkdaşlıq yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır.

"Bilik və təcrübə mübadiləsi, Azərbaycanın nou-haularının ixracı, texniki yardım, təhsil, səhiyyə, institusional potensialın və insan kapitalının inkişafı da bu cür əməkdaşlığın mühüm tərkib hissələridir. Bu kontekstdə "Cənub-Cənub" əməkdaşlığı və üçtərəfli qarşılıqlı fəaliyyət çərçivəsində tərəfdaşlarla təcrübə mübadiləsi üzrə Azərbaycanın nümunəsi diqqətəlayiqdir. ASAN modeli, təhsil, səhiyyə və elektron hökumət kimi sahələrdə əməkdaşlıq Azərbaycanın beynəlxalq tərəfdaşlarla praktiki təcrübəsini bölüşmək imkanlarını genişləndirib", - o qeyd edib.

Y.Rəfiyev vurğulayıb ki, konfrans çərçivəsində aparılan müzakirələr inkişaf məqsədilə əməkdaşlığın səmərəliliyinin yalnız ayrılmış vəsaitin məbləği ilə qiymətləndirilə bilməyəcəyini göstərdi.

"Milli prioritetlərə və yerli ehtiyaclara hörmət, ölkələrin məsuliyyəti, şəffaflıq, hesabatlılıq, koordinasiya, institusional və insan potensialının gücləndirilməsi, eləcə də nəticələrin dayanıqlığı səmərəli əməkdaşlığın əsas şərtləridir.

Qlobal inkişaf gündəliyi qarşıdakı dövrdə yeni çağırışlarla üzləşməkdə davam edəcək. Bu problemlərin miqyası və mürəkkəbliyi daha böyük beynəlxalq həmrəylik, tərəfdaşlığın genişləndirilməsini, eləcə də daha çevik və inklüziv əməkdaşlıq mexanizmlərinin yaradılmasını tələb edəcək", - nazir müavini əlavə edib.

SON XƏBƏRLƏR