"2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində əsas bölmələrə aid edilməyən xərclərin icra məbləği təxminən 1,4 milyard manat çox, həmin xərclərin yönəldiyi istiqamətlər isə həmin məbləğ qədər az göstərilib.
"Memur.az" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, aparılmış təhlillər sənəddə əks etdirilmiş dövlət büdcəsi gəlirlərinin və xərclərinin əsasən düzgün olduğunu deməyə əsas verib: "Bununla yanaşı, iki əsas məqamı da diqqətinizə təqdim etmək istərdim. Birinci məqam, 2025-ci ilin 14 iyul tarixli dəyişikliyə əsasən, "Büdcə sistemi haqqında" qanunun 18.4.1-ci maddəsində, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili üzrə funksional, iqtisadi və inzibati təsnifatı olaraq yönəldilən vəsaitlərin uçotunun, həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılmalı olduğu təsbit edilib. Lakin ilin ikinci yarısında qəbul edilmiş dəyişiklik, bu dəyişikliyə verdiyimiz rəydə göstərildiyi kimi, müvafiq fondlardan icra edilmiş xərclərin ünvanlılığı baxımından müsbət addım olsa da, uçota alma mexanizminin formalaşmasına isə zərurət var. 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində bu məqam tətbiq edilməyib".
"İkinci məqam, kənd təsərrüfatı üzrə ilin sonunda geri qaytarılan subsidiyalar (bu, təxminən 10 milyon manatdır) büdcəyə qaytarılması zamanı xərc kimi tanınması ilə bağlıdır. Əvvəlki illərdə bu, nəzərə alınıb", - deyə sədr əlavə edib.