Lerik kimi ucqar və dağlıq rayonlarda torpağın bir sotunun qiymətinin 3-5 min manat arasında və daha yuxarı səviyyədə müəyyən edilməsi faktiki olaraq bu torpaqların istifadəsiz qalmasına gətirib çıxarır.
"Report" xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, bu, bələdiyyələrin gəlir əldə etməsinin qarşısını alır: "Hesab edirəm ki, bələdiyyələrin üzləşdikləri bütün problemlər kompleks şəkildə araşdırılmalı, təhlil edilməli və müvafiq addımlar atılmalıdır".
Deputat, həmçinin bildirib ki, əsasən də kənd bələdiyyələrinin normal fəaliyyətinə mane olan problemləri aradan qaldırmaq istiqamətində addımların atılması vacibdir.
"Bələdiyyələrə aid torpaqların sərhədlərinin bu günə qədər dəqiq müəyyən edilməməsi və xəritələrin tərtib olunmaması bələdiyyələrin normal fəaliyyət göstərməsinə mane olur", - V.Qafarov vurğulayıb.