Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

sosial sebeke

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür.

Bu fikri "MemurTv.az"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında sosial və iqtisadi məsələlərlə bağlı səsləndirdiyi fikirlər dövlət siyasətinin əsas prioritetlərini bir daha göstərib.

"Azərbaycanın artan imkanları insanların rifahının yüksəldilməsinə xidmət edir. Dövlət başçısının 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağı barədə açıqlaması bu yanaşmanın konkret ifadəsidir. Burada vacib məqam sosial siyasətin ardıcıl və məqsədyönlü xarakter daşımasıdır. Əhalinin gəlirlərinin artırılması, sosial müdafiəsinin gücləndirilməsi və yaşayış səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir", - deyə deputat bildirib.

T.Mirkişili qeyd edib ki, Prezidentin bu artımların müntəzəm həyata keçirildiyini vurğulaması da vətəndaş rifahının daim diqqət mərkəzində olduğunu göstərir.

"İqtisadi nöqteyi-nəzərdən baxdıqda, sosial siyasətin davamlılığını təmin edən əsas amil güclü iqtisadi və maliyyə bazasıdır. Dövlət gəlirləri artdıqca sosial öhdəlikləri yerinə yetirmək və insanların ehtiyaclarına cavab vermək imkanları da genişlənir. Buna görə investisiyaların cəlbi, yeni istehsal sahələrinin yaradılması və maliyyə dayanıqlığının qorunması vətəndaşların rifahı ilə birbaşa bağlıdır.

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda ciddi rəqabət gedir. Bu baxımdan Azərbaycanın əldə etdiyi nəticələr xüsusi əhəmiyyət daşıyır. Prezidentin açıqladığı kimi, iki Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bağlanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard ABŞ dolları ötüb. Sentyabrın sonunda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) iştirak edən aparıcı investisiya qurumlarının idarəçiliyində isə 30 trilyon dollardan çox vəsait var.

Bu miqyasda maliyyə idarə edən qurumlar qərarlarını riskləri, gəlirlilik imkanlarını və uzunmüddətli perspektivləri qiymətləndirərək verirlər. Onların Azərbaycana marağı ölkəmizin iqtisadi perspektivlərini şübhə altına alan müxtəlif mərkəzlərin və bəzi "ekspertlərin" iddialarına qarşı ciddi faktiki arqumentdir.

İmzalanmış kontraktların reallaşması isə bu etimadın yeni müəssisələrə, iş yerlərinə və əlavə gəlirlərə çevrilməsinə imkan verəcək", - deyə deputat vurğulayıb.

T.Mirkişili bildirib ki, Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın xarici borcunun ÜDM-in cəmi 5,6 %-ni təşkil etməsidir.

"Dövlət başçısı ölkəmizin istəsə, bu borcu 24 saat ərzində tam ödəmək imkanına malik olduğunu vurğuladı. Dünyanın nəhəng iqtisadiyyatlarının dövlət borclarının trilyon dollarlarla ölçüldüyü bir şəraitdə Azərbaycanın belə maliyyə imkanına sahib olması iqtisadi müstəqillik baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu imkan ölkəmizə iqtisadi qərarların qəbulunda daha geniş sərbəstlik verir, xarici risklər qarşısında dayanıqlığı gücləndirir və gələcək nəsillərin üzərinə ağır borc yükü qoymadan inkişafı maliyyələşdirməyə şərait yaradır.

Azərbaycan üçün hazırda əsas hədəf bu maliyyə gücünü qorumaqla onu daha məhsuldar iqtisadiyyata, keyfiyyətli məşğulluğa və vətəndaşların gündəlik həyatında hiss olunan rifah artımına çevirməkdir", - deyə deputat əlavə edib.

SON XƏBƏRLƏR