Taleh Kazımov: "2028-ci ilin ortalarına inflyasiya 4,4 % səviyyəsində gözlənilir"

sosial sebeke

Taleh Kazımov: "2028-ci ilin ortalarına inflyasiya 4,4 % səviyyəsində gözlənilir"Azərbaycan Mərkəzi Bankı (AMB) 2028-ci il üçün ortamüddətli inflyasiyanı 4,4 % səviyyəsində proqnozlaşdırır.

"MemurTv.az" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Mərkəzi Bank proqnozlarını ortamüddətli, yəni iki illik dövr üzrə hazırlayır. Xüsusilə vurğulamaq istərdim ki, proqnozlara əsasən, 2028-ci ilin iyun ayının sonuna inflyasiyanın 4,4 % səviyyəsində olacağı gözlənilir", - T. Kazımov qeyd edib.

Onun sözlərinə görə, 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 %, ödənişli xidmətlər üzrə 5,6 %, qeyri-qida məhsulları üzrə isə 3,8 % olub. İllik baza inflyasiya 5,5 % səviyyəsində formalaşıb.

"Ötən illərdə olduğu kimi, bu il də inflyasiya əsasən xarici və xərc təklifi amillərinin təsiri altında olub. Xarici təklif amillərinə baxdıqda, ilk növbədə ticarət tərəfdaşlarının orta çəkili inflyasiyasını qeyd edə bilərik. Mart ayının sonuna bu göstərici 7,7 % təşkil edib ki, bu da ölkədə inflyasiyaya 2,84 faiz bəndi artırıcı təsir göstərib.

Xərc təklifi amillərinə gəldikdə isə burada əsasən kənd təsərrüfatı istehsalçı qiymətləri indeksini vurğulamaq istərdim. 2026-cı ilin ilk nəticələrinə əsasən həmin indeks 3,8 % artıb. Bu isə inflyasiyaya 1,6 faiz bəndi həcmində artırıcı təsir göstərib.

Tələb amillərinə baxdıqda, burada dövlət və ev təsərrüfatlarının istehlakını qeyd etmək istərdim. Mart ayının nəticələrinə əsasən bu göstəricilər illik müqayisədə müvafiq olaraq 10,3 % və 7,4 % artıb. Bu isə birlikdə inflyasiyaya təxminən 2 faiz bəndi artırıcı təsir göstərib", -T.Kazımov bildirib.

Digər amillərə diqqət yetirərək AMB-nin rəhbərionların inflyasiyaya 0,64 faiz bəndi azaldıcı təsir göstərdiyini qeyd edib.

"Mərkəzi Bankın yenilənmiş iyun proqnozlarına görə, 2026-cı ilin sonuna inflyasiyanın 6,1 %, 2027-ci ilin sonuna isə 5,8 % olacağı gözlənilir", - T. Kazımov vurğülayıb.