Azərbaycanda qorunan əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsinə ehtiyac yoxdur.
"MemurTv.az"ın Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin tətbiqinə gəlincə, dünya praktikasında bunun müxtəlif modelləri mövcuddur: "Bir çox qabaqcıl ölkələrdə isə belə bir yuxarı hədd ümumiyyətlə tətbiq edilmir. Lakin Azərbaycanın bank və əmanətlərin sığortalanması sistemi nisbətən gənc olduğundan, bu yanaşma hüquqi müəyyənlik baxımından əhəmiyyətlidir. Belə ki, vətəndaşlar müəyyən edilmiş faiz həddi çərçivəsində yerləşdirdikləri əmanətlərin qorunan əmanət hesab olunduğunu və müvafiq risklər baş verdiyi halda kompensasiya ediləcəyini bilirlər".
A.Əmirov qeyd edib ki, hazırda milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 %, xarici valyutada isə 2,5 % təşkil edir: "Fondun Sığorta və Risklərin İdarə Edilməsi Departamenti bu göstəriciləri banklardan daxil olan məlumatlar və qorunan əmanətlərlə bağlı hesabatlar əsasında mütəmadi təhlil edir. Aparılan qiymətləndirmələr göstərir ki, bazarda yerləşdirilən əmanətlərin böyük hissəsi hazırkı faiz hədləri çərçivəsində olduğundan, onların dəyişdirilməsinə ehtiyac yoxdur. Əvvəlki illərdə milli valyutada qorunan əmanətlər üzrə faiz həddi daha çox intuitiv yanaşma ilə müəyyən edilirdi. Hazırda isə Mərkəzi Bankın təşəbbüsü ilə hazırlanmış xüsusi metodologiya əsasında bazardakı tendensiyalar qiymətləndirilir. Bu metodologiyaya uyğun olaraq göstəricilər hər altı aydan bir hesablanır və məsələ Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında müzakirə olunur".
O əlavə edib ki, bu metodologiyanın tətbiqinə 2026-cı ilin əvvəlindən başlanılıb: "İndiyədək aparılan hesablamalar faiz hədlərinin artırılması və ya azaldılması üçün zərurət olmadığını göstərib. Yaxın vaxtlarda göstəricilərə yenidən baxılacaq və ilkin qiymətləndirmələrə əsasən hər hansı dəyişiklik gözlənilmir. Bununla belə, faiz hədlərinin dəyişdirilməsi Fondun təkbaşına qəbul etdiyi qərar deyil. Bu məsələ kollegial qaydada Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının səlahiyyətləri çərçivəsində qiymətləndirilir".
Azər Əmirov: "Qorunan əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsinə ehtiyac yoxdur"
sosial sebeke

















