Vəfa Yaqublu: Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq - ƏLAVƏ OLUNUB

sosial sebeke

Vəfa Yaqublu: Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq - ƏLAVƏ OLUNUBValideyn-dövlət özəl əməkdaşlığı dövlət məktəbəqədər təhsil müəssisələrinə (bağça) gözləmədə, növbədə olan uşaqların sayını azaldacaq.

"MemurTv.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.

V.Yaqublu xatırladıb ki, ötən ay Prezident valideyn-özəl dövlət tərəfdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi haqqında Fərman imzalayıb:

"Nazirlər Kabineti də öz növbəsində bu modelin qaydalarını təsdiqləyib. Qaydalar hər bir tərəfin, həm dövlətin, həm iddiaçı adlandırdığımız özəl məktəbəqədər təhsil müəssisəsinin, həm də bundan faydalanan valideyn və onun övladının üzərinə düşən öhdəlikləri müəyyən edir. Bir çox ailələr bu təklifdən faydalanacaq. Bu, bir tərəfdən dövlət məktəbəqədər təhsil müəssisələrinə gözləmədə, növbədə olan uşaqların sayını azaldacaq, daha çox uşağın məktəbəqədər təhsilə çıxışını şərtləndirəcək. Digər tərəfdən bu, özəl qurumların inkişafına, potensialının tam şəkildə üzə çıxarılmasına imkan verəcək, bu, həm də yeni iş yerlərinin açılması deməkdir".

MÜTDA-nın direktor müavini diqqətə çatdırıb ki, ötən tədris ilində 86 mindən çox beş yaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub:

"24 mindən bir qədər çox uşaq isə icma qruplarında məktəbəqədər hazırlığa cəlb olunub. Valideyn-dövlət özəl əməkdaşlığı ilə isə ötən tədris ilində 4 mindən çox uşaq bu maliyyələşmədən faydalana bilib. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Dövlət məktəbəqədər təhsil müəssisələrində qəbul üçün əlavə yerlər açılaraq ümumi qəbul potensialı 112 minə çatdırılıb. İcma əsaslı təlim qruplarında əlavə 12 min yer yaradılaraq qəbul potensialı 36 min nəfər uşağa qədər yüksəlib. Bununla yanaşı məktəbəhazırlıq qruplarında əlavə 16 min yer açılıb və 104 min uşağın qəbulu planlaşdırılır. Valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi isə özəl müəssisələrin potensialının tam reallaşması vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına tutarlı töhfə verəcək".

O həmçinin qeyd edib ki, dövlət özəl məktəbəqədər təhsil müəssisələrinin təklif etdiyi xidmət haqqının 70 %-ni maliyyələşdirəcək:

"Bu maliyyə dəstəyi Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə veriləcək. Ayrılan vəsait xidmət haqqının əhəmiyyətli hissəsini qarşılayır. Hesab edirik ki, bir çox ailə bu imkanlardan yararlanacaq".

SON XƏBƏRLƏR