Livan Prezidenti Cozef Aun Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə İsraillə əldə olunan sülh razılaşmalarının həyata keçirilməsi üzrə addımları razılaşdırıb.
"MemurTv.az" xəbər verir ki, bu barədə Livan dövlət başçısının dəftərxanasının bəyanatında bildirilib.
"Prezident Aun danışıqlarda irəliləyişə göstərdiyi dəstəyə görə ABŞ-a təşəkkür edib və vurğulayıb ki, iyunun 26-da imzalanmış çərçivə sazişi İsraillə münaqişəyə son qoymağa yönəlib", – sənəddə qeyd olunub.
Livan prezidentinin sözlərinə görə, əldə olunan razılaşmaların icrası İsrail qoşunlarının ölkənin cənubundakı ərazidən çıxarılması ilə başlayacaq. Həmin ərazidə Livan ordusunun nəzarəti altında ilk "pilot zona" yaradılacaq.
Bəyanatda həmçinin bildirilir ki, Aun ABŞ dövlət katibindən Livan silahlı qüvvələrinə və təhlükəsizlik strukturlarına dəstəyin artırılmasını, eləcə də ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, xüsusilə energetika, telekommunikasiya və nəqliyyat sektorlarına Amerika investisiyalarının cəlb edilməsinə kömək göstərilməsini xahiş edib.
Qeyd edək ki, iyulun 21-də Ağ Evdə Cozef Aunun ABŞ Prezidenti Donald Trampla görüşü keçiriləcək. Bu, 2009-cu ildən bəri ilk Livan–ABŞ sammiti olacaq. Tərəflərin atəşkəs rejiminin möhkəmləndirilməsi və Livanda sabitliyin təmin olunması yollarını müzakirə edəcəkləri gözlənilir.
Livan Prezidenti və Rubio İsraillə sülh razılaşmalarının icrasını müzakirə edib
sosial sebeke

















