Çoxmənzilli binalardan mənzil alan şəxslərlə bina tikən şirkətlər arasında ən çox rast gəlinən mübahisələrdən biri mənzilin sahəsi ilə bağlıdır. Əksər hallarda alıcı daşınmaz əmlakın dövlət reyestrindən aldığı çıxarışda qeyd olunan sahənin müqavilədə göstərilən sahədən az olduğunu gördükdə şirkətin müqaviləni pozduğunu hesab edir.
Bu barədə "MemurTv.az"ş"a Ali Məhkəmədən məlumat verilib.
Məhkəmədə bildirilib ki, belə işlərə baxılarkən ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri araşdırılmalıdır.
Əgər müqavilədə mənzilin sahəsinin hansı qayda ilə hesablanacağı (məsələn, içdən-içə, çöldən-çölə və ya şəhərsalma qanunvericiliyinə uyğun) ayrıca razılaşdırılıbsa, mübahisə həmin şərtlərə uyğun həll olunmalıdır.
Bu baxımdan, mənzil almaq istəyən şəxslər müqaviləni imzalamazdan əvvəl mənzilin sahəsinin hansı qaydada hesablanacağına dair şərtlərə xüsusi diqqət yetirməlidirlər.
Müqavilədə sahənin hesablanma qaydası müəyyən edilməyibsə, müqavilədə göstərilən sahənin mənzilin faktiki işçi sahəsinə uyğun gəlib-gəlmədiyi yoxlanılmalıdır. Mənzilin işçi sahəsi dedikdə bayır və ara divarlarının, habelə məhəccərlərin və sobanın altındakı sahələr nəzərə alınmadan və şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş azaltma əmsalı tətbiq edilmədən müəyyən edilən sahə nəzərdə tutulur.
Bu zaman yerində ölçmə aparılmalı və bu ölçmənin nəticəsində mənzilin işçi sahəsi müqavilədə razılaşdırılmış sahəyə uyğun gəlirsə, şirkət müqavilə üzrə sahəyə dair öhdəliyini lazımi qaydada icra etmiş hesab edilir. Əksinə, faktiki işçi sahənin müqavilədə nəzərdə tutulan sahədən az olduğu müəyyən edilərsə, bu artıq şirkətin müqavilə öhdəliyini qüsurlu icra etməsi kimi qiymətləndirilir.
Daşınmaz əmlakın dövlət reyestrində mənzilin ümumi sahəsi şəhərsalma və tikinti qaydalarına uyğun balkon və terrasların sahələri müvafiq azaltma əmsalına vurulmaqla hesablanır. Bu əmsal həmin sahələri fiziki olaraq kiçiltmir, sadəcə ümumi sahənin normativ qaydada hesablanması üsulunu müəyyən edir.
Belə ki, balkon, terras və bəzi digər açıq sahələr yaşayış otaqları ilə eyni funksiyanı daşımır. Onlar adətən yaşayış üçün nəzərdə tutulmur, iqlim şəraitindən asılı olaraq məhdud istifadə olunur və istifadəyə yararlılıq baxımından daha aşağı dəyərə malikdir. Buna görə də onların faktiki ölçüsü tam həcmdə deyil, 0,3 əmsalı tətbiq edilməklə ümumi sahəyə daxil edilir.
Başqa sözlə, 0,3 əmsalının məqsədi ümumi sahəni kiçiltmək deyil, tətbiq edildiyi sahənin yaşayış sahəsi ilə müqayisədə normativ dəyərini müəyyən etməkdir.
Ali Məhkəmənin mövqeyinə görə şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş mənzilin ümumi sahəsinin hesablanması qaydaları dövlət reyestrində daşınmaz əmlakın vahid metodologiya üzrə uçota alınması məqsədi daşıyır və müqavilədə ayrıca razılaşdırılmadıqca mülki-hüquqi münasibətlərə avtomatik tətbiq edilə bilməz. Əks yanaşma müqavilə azadlığı prinsipinə zidd olar.
Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
sosial sebeke

















