Azərbaycanın proaktiv xarici siyasəti ölkənin orta güc kimi tanınmasına zəmin yaradır - RƏY

sosial sebeke

Azərbaycanın proaktiv xarici siyasəti ölkənin orta güc kimi tanınmasına zəmin yaradır - RƏYAzərbaycanın geostrateji mövqeyi və əhəmiyyəti, çoxvektorlu, milli maraqlara söykənən, proaktiv xarici siyasət yürütməsi, hərbi potensialı və ölkə hüdudlarından kənarda baş verən proseslərə təsir imkanları onun orta güc kimi tanınmasına zəmin yaratmaqdadır.

Bunu "MemurTv.az"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov deyib.

Onun sözlərinə görə, son zamanlar elmi və siyasi müzakirələrdə geniş yayılmış "orta güc" konsepsiyasına fərqli yanaşmalar mövcuddur:

"Prezident İlham Əliyev IV Şuşa Qlobal Media forumunda dövlətin orta güc statusunu müəyyən edən meyarları bu cür qiymətləndirib: Müstəqil siyasət və öz milli maraqlarını müdafiə etmək bacarığı, real müdafiə qabiliyyəti, regional məsuliyyət və ölkə hüdudlarından kənarda baş verən proseslərə təsir göstərmək bacarığı. Bu meyarlar Azərbaycanın müasir dövrdə orta güc kimi formalaşmasında başlıca göstəriciləri aydın şəkildə nümayiş etdirir".

O qeyd edib ki, Azərbaycan suverenliyini bərpa etdikdən sonra ona qarşı əsassız tələblər irəli sürən və təzyiqlər tətbiq etməyə çalışan bəzi regional və qlobal güc mərkəzlərinə qarşı müqavimət göstərərək öz milli maraqlarını qoruması və heç bir dövlətin iradəsinə boyun əyməməsi onun müstəqil və milli maraqlara əsaslanan siyasət yürütməsini təsbit etməklə yanaşı, orta güc kimi formalaşdığının başlıca göstəricilərindən biridir."Digər tərəfdən, daim ordu quruculuğuna böyük diqqət ayıran, hərbi-texnoloji cəhətdən ilbəil inkişaf edən, 44 günlük Vətən Müharibəsi və anti-terror əməliyyatları ilə ərazi bütövlüyü və suverenliyini bərpa edən və hazırda orta güc kimi qiymətləndirilən bir sıra dövlətlərlə müqayisədə daha güclü hərbi imkanlara malik Azərbaycanın bu kateqoriyaya aid edilməsi təəccüb doğurmamalıdır".
Sultan Zahidov bildirib ki, Prezident İlham Əliyevin Şuşa Forumunda orta güc üçün qeyd etdiyi mühüm meyarlardan biri də regional məsuliyyət və dövlətin ölkə hüdudlarından kənarda baş verən proseslərə təsir göstərmək qabiliyyətidir.

"Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyinin təmin olunmasında, regional nəqliyyat xəttləri, o cümlədən Orta dəhlizin inkişafında və regionun ümumi iqtisadi-enerji xəritəsinin formalaşmasında əsas aktor olması, onun regional məsuliyyət və liderlik rolunu daha da aktuallaşdırmaqdadır. Azərbaycanın Cənubi Qafqazda deyil, Mərkəzi Asiya, Orta Şərq və Avropanın enerji, nəqliyyat və təhlükəsizlik arxitekturasının şəkilləndirilməsində əhəmiyyətli rola malikdir. O cümlədən COP29, WUF13 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmək və nüfuzlu beynəlxalq institutlara uğurla sədrlik etməklə qlobal məsələlərin tənzimlənməsində də fəal rol oynayır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Orta Dəhlizin aparıcı bəndlərindən biri olması, eləcə də Yaxın Şərqdə regional sabitliyin təşviqinə yönəlmiş diplomatik təşəbbüslərdə, o cümlədən müxtəlif tərəflər arasında dialoqun təmin olunmasında iştirakı dövlətin orta güc kimi formalaşmasının başlıca göstəricilərindəndir", - deyə o əlavə edib.

SON XƏBƏRLƏR