"Bir pəncərə" layihəsinin ikinci mərhələsinin icrasına başlanılıb

sosial sebeke

"Bir pəncərə" layihəsinin ikinci mərhələsinin icrasına başlanılıb"Bir pəncərə" informasiya sisteminin ikinci mərhələsinin icrasına başlanılıb.

"MemurTv.az" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədrinin müavini Natiq Şirinov "Bir pəncərə" informasiya sistemi – Rəqəmsal Logistika Platformasının təqdimatında deyib.

Onun sözlərinə görə, bu mərhələdə qısa idxal bəyannaməsi və tranzit gömrük bəyannaməsinin "Bir pəncərə" informasiya sisteminə tam inteqrasiyası həyata keçirilir: "Nəticədə idxal və tranzit əməliyyatları üzrə məlumatların vahid platforma üzərindən qəbulu, emalı və aidiyyəti dövlət qurumları arasında elektron mübadiləsi təmin olunacaq. Bununla da məlumatların təkrar təqdim edilməsi aradan qaldırılacaq, gömrük rəsmiləşdirilməsi və malların buraxılışı prosesləri daha operativ və səmərəli həyata keçiriləcək".

N.Şirinov vurğulayıb ki, layihənin üçüncü mərhələsində isə idxal gömrük bəyannaməsinin, eləcə də digər gömrük prosedurlarına aid bəyannamələrin "Bir pəncərə" informasiya sisteminə inteqrasiyasının tamamlanması nəzərdə tutulur: "Bununla yanaşı, aidiyyəti dövlət qurumları gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan bütün icazə, razılıq və lisenziyaları elektron qaydada bu sistem vasitəsilə gömrük informasiya sisteminə ötürülməsini təmin edəcək. Bu yanaşma sahibkarların müxtəlif dövlət qurumlarına ayrıca müraciət etməsi zərurətini minimuma endirəcək, məlumatların yalnız bir dəfə təqdim edilməsi prinsipini təmin edəcək, dövlət qurumları arasında koordinasiyanı daha da gücləndirəcək və xarici ticarət əməliyyatlarının tam inteqrasiya olunmuş rəqəmsal mühitdə həyata keçirilməsinə imkan yaradacaq".

SON XƏBƏRLƏR