Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya səfəri Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlərin yenidən dəyərləndirildiyini aydın şəkildə nümayiş etdirib.
"MemurTv.az" xəbər verir ki, bu barədə ABŞ-nin "Jamestown" analitik mərkəzinin məqaləsində bildirilib.
Müəlliflərin qiymətləndirməsinə görə, fon der Lyayen Bakıya konkret maliyyə öhdəlikləri və Aİ-nin Azərbaycanı Avropaya qaz tədarükünün şaxələndirilməsi, Transxəzər marşrutunun və Orta Dəhlizin inkişafı məsələlərində etibarlı və əvəzolunmaz tərəfdaş kimi dəyərləndirildiyini təsdiqləyən bəyanatlarla gəlib.
"İyulun 2-3-də Bakıda baş tutan son danışıqlar siyasi dialoq, nəqliyyat əlaqəliliyi, energetika, ticarət və rəqəmsal əməkdaşlığı özündə ehtiva edən 2026-2030-cu illər üzrə tərəfdaşlıq prioritetlərini ilkin olaraq razılaşdırmağa, həmçinin yeni Hərtərəfli Sazişin mətni üzərində işi davam etdirməyə imkan verdi", - nəşrdə qeyd olunub.
Materialın müəllifləri hesab edirlər ki, "Global Gateway" proqramı çərçivəsindəki təşəbbüslərlə yanaşı, Avropa Komissiyası sədrinin səfəri zamanı verilən bəyanatlar Aİ və Azərbaycan arasında münasibətlərin yeni modelinin formalaşmasından xəbər verir. Onların qiymətləndirməsinə görə, tərəflər qarşılıqlı etimadsızlıq mühitindən tədricən uzaqlaşırlar.
"Jamestown Foundation"da hesab edirlər ki, münasibətlərin gələcək inkişafı Bakının Avropa tərəfindən gözlədiyi praktiki addımlardan asılı olacaq.
"Yaxın aylarda praktiki addımlar atılarsa, fon der Lyayenin səfəri tarixə növbəti dostluq bəyannaməsi kimi deyil, Aİ ilə Azərbaycan arasında daha dayanıqlı və balanslaşdırılmış tərəfdaşlığın qurulmasının başlanğıcı kimi düşə bilər", - materialda qeyd olunub.
"Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
sosial sebeke

















