Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yeni salınmış Cəbrayıl şəhərində vətəndaşların qəbulunu keçirib.
"Report" xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Qəbulda, əsasən, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının sakinlərinin müraciətlərinə baxılıb. Cəbrayıl Rayon Ağsaqqallar Şurasının üzvləri də qəbulda iştirak ediblər.
Vətəndaşların müraciətlərində, əsasən, Böyük Qayıdışın təşkili, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı müraciətlər təşkil edib.
Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərinə ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi vətəndaşların diqqətinə çatdırılıb. Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerində həll olunub, bir sıra məsələlər isə qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.