Afrika ölkələrindən olan tələbələr müxtəlif təhsil proqramları, o cümlədən Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı çərçivəsində Azərbaycan hökumətinin dəstəyini alırlar.
"Report" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Bakıda keçirilən "Afrika Günü": Yüksələn qitə, yeni tərəfdaşlıqlar"a həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, illər sonra Azərbaycanda təhsil almış əcnəbi tələbələr dostluğu, əldə etdikləri təcrübəni və burada yaşadıqları qonaqpərvərlik hissini xatırlayacaqlar: "Bu, bəlkə də, hər hansı bir ölkənin edə biləcəyi ən dəyərli sərmayədir. Bir Azərbaycan vətəndaşı olaraq mən həm də fəxr edirəm ki, bir çox afrikalı tələbələr təqaüd proqramları ilə Azərbaycana təhsil almağa gəlirlər".
K.Kərimzadə qeyd edib ki, bu gün Afrika dünyanın dinamik və perspektivli regionlarından biridir:
"Qlobal inkişafın, innovasiyaların və hətta dünya demoqrafiyasının gələcəyi əsasən Afrikanın baxışları və inkişafı ilə müəyyən ediləcək. Məhz buna görə də təhsil, elm, texnologiya, peşə təlimi və innovasiya sahələrində əməkdaşlıq getdikcə daha vacib əhəmiyyət kəsb edir", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan Afrika ölkələri ilə birlikdə bu istiqamətlərdə əhəmiyyətli nəticələr əldə edə biləcəyinə inanır.
Nazir müavini əlavə edib ki, Azərbaycan insan kapitalına investisiyaların vacibliyini yaxşı anlayır: "Son onilliklər ərzində ölkəmiz genişmiqyaslı transformasiya, inkişaf yolu keçib və təhsil həmişə bizim tərəqqimizin əsas sütunlarından biri olaraq qalıb".
K.Kərimzadə diplomatları, akademik icma nümayəndələrini, tələbələri, ekspertləri və siyasətin hazırlanması prosesinin iştirakçılarını bir araya gətirən konfransın keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, tədbir təkcə mövcud çağırışların müzakirəsi üçün deyil, həm də gələcək üçün yeni ideya və tərəfdaşlıqların formalaşdırılması üçün bir platforma olub.
O qeyd edib ki, təhsil insanları həqiqətən birləşdirən azsaylı sahələrdən biri olaraq qalır: "O, məsafə əvəzinə dialoq, stereotiplər əvəzinə anlayış və təcrid əvəzinə tərəfdaşlıq yaradır".