ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Birləşmiş Ştatlar Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərinin adi hala çevrildiyini bildirib.
"Report"un məlumatına görə, o, bu barədə "Fox News" telekanalının efirində Ağ Ev yaxınlığında baş verən son atışma ilə bağlı danışarkən deyib.
"Prezidentə qarşı birbaşa üç sui-qəsd cəhdi olub. Mən həmin hadisələrin ikisində onun yanında idim və bu, artıq adi hala çevrilir", - o deyib.
M.Consonun sözlərinə görə, Tramp bu cür təhdidləri Prezidentin işinin bir hissəsi hesab edir.
O, həmçinin ölkədəki siyasi gərginliyin azaldılmasının vacibliyini vurğulayıb və Demokratlar Partiyasının üzvlərini rəqibləri haqqında sərt açıqlamalar verməkdən çəkinməyə çağırıb.
"Qarşı tərəfi şeytanlaşdırmaq, onları nasist adlandırmaq, Prezidenti demokratiyaya təhdid adlandırmaq və bunun bəzi dəli insanları təhrik etməyəcəyini düşünmək olmaz", - spiker əlavə edib.