İyun ayında Mərkəzi Asiya və Qafqaz İnvestisiya Şuralarının Regional Alyansının yaradılması haqqında saziş imzalanacaq.
"Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayev Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən Mərkəzi Asiyada birbaşa xarici investisiyalara həsr olunmuş seminarda bəyan edib.
Onun sözlərinə görə, bu təşəbbüs ADB-nin dəstəyi ilə həyata keçirilir: "Regional Alyans iştirakçı ölkələr arasında dialoq, investisiya siyasətinin əlaqələndirilməsi və transsərhəd layihələrin irəli aparılması üçün vahid platforma olacaq. Bu, regionun qlobal ticarət və investisiya axınlarına inteqrasiyasını sürətləndirməyə, investisiya mühitinin rəqabətqabiliyyətliliyini artırmağa, eləcə də aparıcı beynəlxalq maliyyə institutları və investorlarla birgə iri layihələrin həyata keçirilməsi üçün zəmin yaratmağa imkan verəcək".
O əlavə edib ki, memorandumun 17-18 iyun tarixlərində keçiriləcək 15-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanması gözlənilir.