Baş nazirin müavini Samir Şərifov Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sədri olub.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, komissiyanın sədri vəzifəsi Azərbaycan energetika nazirindən alınaraq Baş nazirin müavini Samir Şərifova həvalə olunub.
Komissiyanın tərkibində isə "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini ilə yanaşı, energetika nazirinin müavini də yer alıb.
Həmçinin, yeni tərkibdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini ilə yanaşı, ekologiya və təbii sərvətlər nazirinin müavini də yer alıb.
Bundan başqa, komissiyanın tərkibində Azərbaycanın Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri ilə bərabər, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdirinə də yer verilib.
Azərbaycan Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə bildiriş göndərməlidir.