Kolumbiyada hərbi helikopter qəzaya uğradı - 19 yaralı

sosial sebeke

Kolumbiyada hərbi helikopter qəzaya uğradı - 19 yaralı
Kolumbiya Ordusuna məxsus “UH-60 Black Hawk” tipli hərbi helikopter ölkənin Kauka bölgəsində qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin göyərtəsində olan 19 nəfərin hər biri müxtəlif dərəcəli xəsarətlər alıb.

“Qafqazinfo”nun məlumatına görə, hərbi helikopter Popayan və İnza şəhərləri arasında hərbi personal və təchizat daşıyarkən qəzaya uğrayıb.

Rəsmi şəxslərin verdiyi bəyanatda bildirilir ki, yaralananlardan 4-ü ekipaj üzvü, 15-i isə əsgərdir. Yaralılardan 4 nəfərində sınıq xəsarətləri aşkar edilib, digər 15 hərbçi isə bədən əzilmələri və qançırlar səbəbindən müalicəyə cəlb olunub. Qəzadan dərhal sonra əraziyə təcili tibbi yardım heyəti və hərbi xilasedicilər yönləndirilib.

Helikopterin düşdüyü İnza şəhəri sabiq FARC üzvlərinin təşkil etdiyi EMC və Milli Azadlıq Ordusu (ELN) kimi qanunsuz silahlı qruplaşmaların aktiv olduğu təhlükəli zonalardan biridir. Buna baxmayaraq, hərbi rəsmilər ilkin araşdırmalara əsasən helikopterin yerdən atəşə tutulması ehtimalını təkzib ediblər. Qəzanın əlverişsiz hava şəraiti və ya texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı ordu komandanlığı tərəfindən genişmiqyaslı təhqiqat başlatılıb.