
“Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var. Yoldaşının dünyasını dəyişdiyi gün həm də bacımın doğum günüdür”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri həyat yoldaşını itirən tanınmış bloqer Pərvin Səfiyarovanın bacısı Nərmin İbrahimova “Instagram” paylaşımında bildirib.
“Üstəlik, həyat yoldaşı onun gözlərinin önündə son nəfəsini verib... Bu, heç vaxt yaddaşından silinməyəcək bir ağrıdır. Hər il həmin tarix gələndə onun üçün sadəcə bir doğum günü olmayacaq, həm öz doğulduğu gün, həm də həyatının ən ağır itkisini yaşadığı gün olacaq”, - N.İbrahimova qeyd edib.
Onun sözlərinə görə, vəfatından bir neçə ay öncə Emin Səfiyarov qəza keçirib: “Üç ay əvvəl bir qadın magistrala maşın sürməyi öyrənməyə çıxmışdı. Yanında isə təlimçisi var idi. Həmin gün Eminin qarşısına qəfil çıxıb maşını aşırtdı. Eminin maşını, demək olar ki, konserv kimi əzilmişdi. Biz o gün yalnız bir şeyə şükür etdik - Eminin o maşından sağ çıxmasına...
Sən demə, o qəza Eminin həyatını 3 ay sonra əlindən alacaqmış... Həkimlərin son diaqnozu tromboemboliya oldu. Qəfil rəhmətə getdi. Ürəyi və ciyərləri dayanıb. Biz hələ də bu dəhşəti qəbul edə bilmirik”.
Xatırladaq ki, qəfil vəfat edən E.Səfiyarov tanınmış jurnalist, teleaparıcı Turan İbrahimovun bacanağı olub. O, özəl şirkətlərdən birində çalışırmış. Mərhumun həyat yoldaşı P.Səfiyarova həyat yoldaşının ölümündən sonra səhifəsini bağlayıb.
Emin Səfiyarovun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhər M. Xəzani adına musiqi təmayülü orta internat məktəbinə rəhbərlik edir.
Mərhumun 2 övladı yadigar qalıb.
Xanımının doğum günündə vəfat edibmiş...
sosial sebeke

















