Ötən il avqustun 8-də reallaşan Vaşinqton razılaşmasından bir il ötür. Bu, həm də bir ildir, sülh deməkdir. Azərbaycan xalqı üçün bu, müəyyən mənada yeni tarixi reallıqdır.
Bu fikirləri "MemurTv.az"a açıqlamasında Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov deyib.
O xatırladıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən Vaşinqton razılaşmalarınadək Ermənistanla sülh şəraitində yaşamamışdı:
"Vaşinqton razılaşmaları Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli və ardıcıl siyasəti sayəsində mümkün olub. Müharibədə qələbəni təmin etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyev sülhü də təmin etdi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, hərbi Qələbənin nəticələrini yeni regional siyasi reallığa çevirdi.
2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra qarşıda duran əsas suallardan biri növbəti addımın nə olacağı idi. Azərbaycan bu mərhələdə bir neçə istiqamətdə qətiyyətli, çevik və düşünülmüş siyasət həyata keçirdi".
Deputat vurğulayıb ki, əsas məsələlərdən biri Ermənistanla gələcək sülh danışıqlarının hansı əsaslar üzərində aparılması idi:
"Danışıqlar, bir qayda olaraq, konkret prinsiplər və sənəd layihəsi ətrafında aparılır. Bu baxımdan, ilkin siyasi-hüquqi çərçivənin kimin tərəfindən müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan Minsk Qrupu formatının yenidən prosesə qaytarılmasına imkan vermədi və təşəbbüsü öz üzərinə götürdü. Əvvəlcə münasibətlərin normallaşdırılmasına dair beş prinsipi, daha sonra isə sülh sazişinin layihəsini Ermənistana təqdim edərək, ikitərəfli sülh prosesinin əsaslarını formalaşdırdı. Prezident İlham Əliyev bütün proses boyunca sülh danışıqlarına konseptual və siyasi baxımdan liderlik etdi, səbir və qətiyyəti ilə danışıqlara yön verdi.
Danışıqların nəticə verməsini şərtləndirən ən mühüm amil isə şübhəsiz ki, yerlərdə formalaşan reallıq idi. 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət suverenliyi və konstitusiya quruluşu tam bərpa olundu. Bununla Ermənistan üçün yeni hərbi qarşıdurma yolu ilə əvvəlki vəziyyətə qayıtmağın mümkünsüz olduğu və sülhün alternativsizliyi aydın oldu".Q.Məmmədov vurğulayıb ki, Vaşinqtonda əldə olunmuş razılaşmalar bu hərbi-siyasi prosesin məntiqi nəticəsi oldu:
"Azərbaycan və Ermənistan arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in razılaşdırılmış mətni paraflandı. Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri, "münaqişənin həlli" adı altında onilliklər boyu fəaliyyət göstərmiş ATƏT-in Minsk prosesinin və onunla bağlı strukturların bağlanması barədə birgə müraciət imzaladılar. Həmin müraciət əsasında ATƏT Nazirlər Şurası 1 sentyabr 2025-ci ildə bu strukturların bağlanması barədə qərar qəbul etdi və bağlanma prosesi 30 noyabr 2025-ci ildə tam başa çatdırıldı.
Bu gün son bir ildə dünyada və regionda baş vermiş proseslərə nəzər saldıqda, sülh sazişinin mətninin məhz 2025-ci ildə razılaşdırılması və paraflanmasının geosiyasi baxımdan da nə qədər vaxtında atılmış addım olduğu daha aydın görünür. Azərbaycan uzun illər ölkənin inkişafına və regional sabitliyə mane olmuş münaqişə səhifəsini bağlayaraq dəyişən beynəlxalq şəraitə yeni və daha əlverişli mövqedən daxil oldu".
Vaşinqton razılaşmalarının digər mühüm nəticəsinin Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi olduğunu vurğulayan deputat xatırladıb ki, Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu da imzalandı:
"Cəmi altı ay sonra, 10 fevral 2026-cı ildə Bakıda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı. Beləliklə, Vaşinqtonda başlanan proses iki ölkə arasında siyasi dialoqu və əməkdaşlığı yeni səviyyəyə qaldıraraq Azərbaycan üçün siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində mühüm yeni imkanlar yaratdı".
Milli Məclis üzvü əminliklə ifadə edib ki, Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və müdrik siyasəti nəticəsində bu qədər yol qət etmiş sülh prosesi yaxın gələcəkdə öz məntiqi hədəfinə çatacaq. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında davamlı sülh hüquqi şəkildə rəsmiləşəcək və Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və əməkdaşlıq mərhələsi dönməz xarakter alacaq.
Vaşinqton razılaşması yeni tarixi reallıqdır - RƏY
sosial sebeke

















