Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.
"MemurTv.az" DİM-ə istinadən xəbər verir ki, imtahan bu gün kompüterlər vasitəsilə elektron formada təşkil olunub.
Bildirilib ki, namizədlər imtahanı başa vurduqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. İmtahan nəticələri, həmçinin DİM-in rəsmi internet səhifəsində yerləşdiriləcək.
Nəticələrlə bağlı apellyasiya müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası iyulun 13-15-i saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.
Komissiyanın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
11:26
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyulun 12-də dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirir.
"Report"un məlumatına görə, imtahanda namizədlərə ümumilikdə 100 sual təqdim olunub. Onlardan 60-ı icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə, 40-ı isə məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqlarının qiymətləndirilməsinə aiddir. Qanunvericilik üzrə hər sual 1, digər istiqamətlər üzrə isə hər sual 0,5 balla qiymətləndirilir. Keçid balı 55-dir.
İmtahanda Bakı və bölgələrdən 523, Naxçıvan Muxtar Respublikasından isə 104 namizəd iştirak edir. Namizədlər imtahanı başa vurduqdan dərhal sonra topladıqları balla tanış ola biləcəklər.
Test mərhələsini uğurla keçən, eləcə də həmin mərhələdən azad olunaraq müsahibədə iştirak etmək istəyən şəxslər "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası"nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində, hər gün saat 09:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.
Təqdim olunan sənədlər əsasında "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsi olan söhbətə buraxılacaqlar.
06:44
Bu gün dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün elan olunmuş müsabiqədə qeydiyyatdan keçmiş namizədlərlə test imtahanı keçiriləcək.
Bu barədə "Report" Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir.
İmtahan DİM-in Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq.
Namizədlərə dövlət icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, ünsiyyət bacarıqlarını və dünyagörüşünü müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Dövlət icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçirilib -YENİLƏNİB 2
sosial sebeke

















