Azərbaycanın rəqəmsal transformasiya siyasəti sistemli institusional idarəetmə mərhələsinə keçib.
"MemurTv.az" xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri deputat Ramid Namazov komissiyanın təşkilatçılığı ilə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev strateji istiqaməti, milli prioritetləri və uzunmüddətli baxışı müəyyənləşdirdi, Mehriban Əliyeva isə bu strateji baxışı icra müstəvisinə keçirib, qurumlar arasında koordinasiyanın uğurla aparılmasına və nəticələrin izlənilməsinə şəxsən nəzarət edir:
"Məhz Birinci vitse-prezidentin bu prosesə rəhbərlik etməsi rəqəmsal inkişaf məsələsinin dövlət üçün ən yüksək prioritetlərdən biri olduğunu bir daha nümayiş etdirir və göstərir ki, Azərbaycanın rəqəmsal transformasiya siyasəti sistemli institusional idarəetmə mərhələsinə keçib".
Deputat xatırladıb ki, cari il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib:
"Həmin müşavirədə dövlət başçısının aydın mesajı var idi: süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar artıq ölkələrin gələcək inkişafını müəyyənləşdirir və Azərbaycan bu istiqaməti öz prioritetlər siyahısında önə qoymalıdır. Eyni zamanda, cənab Prezident ölkəmizin bu sahədə malik olduğu bir sıra unikal üstünlükləri də sadaladı".
R.Namazov bildirib ki, Azərbaycanın Asiya ilə Avropa arasında, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşməyi artıq mövcud olan nəqliyyat-energetika infrastrukturunun fiber-optik dəhlizlərə çevrilməsi potensialını daha da artırır:
"Son 20 ildə generasiya gücümüzün təxminən iki dəfə artaraq 10 min meqavata çatması və hazırda ən azı 2000 meqavat istifadə olunmayan gücün mövcudluğudur ki, bu, data mərkəzləri və süni intellekt infrastrukturu üçün başlıca şərtdir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən həmin müşavirədə rəqəmsallaşmanın artıq seçim yox, zərurət olduğu və məsələyə sadəcə texnoloji müstəvidən deyil, kompleks şəkildə – insan kapitalı, investisiya mühiti, milli təhlükəsizlik və beynəlxalq mövqe baxımından yanaşılması tələbi qoyuldu".
Milli Məclisin deputatı vurğulayıb ki, dövlət başçısı sonrakı addımları ilə rəqəmsal inkişafla bağlı institusional mexanizmi yaratdı:
"Belə ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradıldı və Mehriban Əliyevanın sədrliyi altında Şuraya "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət funksiyası həvalə edildi".
Ramid Namazov: Azərbaycanın rəqəmsal transformasiya siyasəti sistemli institusional idarəetmə mərhələsinə keçib
sosial sebeke

















