FHN və DSX birgə təlim keçirdi

sosial sebeke

FHN və DSX birgə təlim keçirdi
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin və Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “N” saylı hərbi hissədə keçirilən təlimə FHN-in Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.

Təlimin keçirilməsində məqsəd hərbi hissənin şəxsi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və əməkdaşların xilasetmə üzrə peşəkar bacarıqlarının artırılması olub.
Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Hissənin əməkdaşları və əsgərləri tərəfindən şərti yanğına ilkin müdaxilə edilib, FHN-in yanğından mühafizə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, “zərərçəkmişlərin təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul şəxsi heyətinə maarifləndirici materiallar təqdim olunub.

SON XƏBƏRLƏR