Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında NATO sammiti çərçivəsində vasitəçilikdən humanitar yardıma qədər hər sahədə diplomatiyanın səsi olmağa davam edir.
"MemurTv.az"ın yerli bürosu xəbər verir ki, bunu Türkiyə Prezidentliyinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Ankarada iyulun 7-8-də keçiriləcək NATO Sammiti çərçivəsində beynəlxalq media nümayəndələri üçün təşkil edilən ziyafətdə səsləndirib.
O, deyib ki, qastronomiya diplomatiyası mədəni diplomatiyanın mühüm sütunlarından biridir və ölkələr, eləcə də cəmiyyətlər arasında körpülər qurmağın təsirli vasitəsidir.
B.Duran rəhbərlik etdiyi qurumun qarşıdakı gərgin iş günlərində mediyaya fəaliyyətlərinin rahatlığı üçün dəstək verəcəklərini bildirib.
"Tarix boyu türk mətbəxi də bu zəngin mədəni qarşılıqlı təsirdən formalaşıb. Yaxın Şərqdən Aralıq dənizinə, Balkan ölkələrindən Qafqaza, Mərkəzi Anadoludan Egey bölgəsinə qədər uzanan geniş coğrafiyada ərzaq məhsulları, bişirmə üsulları, ədviyyatlar, süfrə adətləri və kulinariya ənənələri daim bir-birinə təsir göstərmişdir", - deyən qurum rəhbəriq qastrodiplomatiyanı "yumşaq güc" adlandırıb.
Onun fikrincə, Türkiyənin kulinariya sahəsindəki irsi müstəsna zənginliyə malikdir: "Qaziantep, Hatay və Afyonkarahisar şəhərləri qastronomiya sahəsində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. Türk qəhvəsinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi də bu zənginliyin başqa bir təzahürüdür".
B.Duran bildirib ki, qastronomiya diplomatiyasının və kulinariya mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasından danışarkən, Türkiyə Prezidentinin xanımı, Əminə Ərdoğanın rəhbərliyini xüsusi qeyd etməmək mümkün deyil: "2022-ci ildən etibarən Birinci xanım Əminə Ərdoğanın himayəsi altında keçirilən Türk Mətbəxi Həftəsi ölkə mətbəxinin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verib".
Sonra media nümayəndələrinə beş il ərzində NATO sammitlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarını bir araya gətirən kitab təqdim olunub.
Duran: Türkiyə Ərdoğanın rəhbərliyi ilə diplomatiyanın səsi olmağa davam edir
sosial sebeke

















