Finlandiya Prezidenti Aleksander Stub ABŞ-nin İranla bağlı hərbi əməliyyat planlarını əvvəlcədən Avropa müttəfiqləri ilə müzakirə etmədiyini, lakin hazırda bu məsələ üzrə aparıcı Avropa ölkələri ilə əlaqə saxladığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Stubun sözlərinə görə, Vaşinqton hazırda Paris, London və Berlinlə bu məsələ ətrafında təmasdadır.
“İlkin əməliyyat müttəfiqlərlə müzakirə olunmayıb, lakin əminəm ki, prezident Donald Tramp hazırda Böyük Britaniya, Fransa və Almaniya ilə danışır”, - deyə o qeyd edib.
Finlandiya prezidenti əlavə edib ki, NATO müttəfiqləri Ağ ev rəhbərinin Hörmüz boğazının açılması ilə bağlı çağırışlarını ciddi qəbul etməlidirlər.
O vurğulayıb ki, NATO mahiyyət etibarilə müdafiə xarakterli alyansdır və genişmiqyaslı hücum əməliyyatları aparmaq üçün yaradılmayıb.
“Bu o deməkdir ki, biz 32 ölkə ilə hücum əməliyyatları keçirə bilmərik. Soyuq müharibədən sonra sülhməramlı missiyalar olub, lakin onlar beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində əsaslandırılıb. Hazırkı vəziyyət isə xeyli fərqlidir”, - deyə Stub bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən paytaxt Tehran şəhərinə endirilib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq İsrailə zərbələr endirdiyini açıqlayıb. Eyni zamanda ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı obyektləri də hücumlara məruz qalıb.