Son illərdə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində mərhələli inkişaf dinamikası nəzərə çarpır. 11 mart tarixində Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü qarşılıqlı münasibətlərdə yeni siyasi mərhələnin başlanğıcından xəbər verir. İki rəsminin görüşdən sonra mətbuata birgə bəyanatı, səsləndirilən fikirlər açıq şəkildə göstərir ki, Bakı-Brüssel münasibətləri daha sistemli və strateji məzmun kəsb edir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri artıq təkcə enerji tərəfdaşlığı ilə məhdudlaşmır. Eyni zamanda, hərtərəfli strateji müttəfiqliyə keçid edir. Bu, sadəcə bir əməkdaşlıq yox, yeni regional nizamın qurulmasının təməlidir. Bu isə göstərir ki, Azərbaycan artıq köhnə qitə üçün regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya və iqtisadi əməkdaşlıq sahələrində də əvəzedilməz partnyora çevrilib. Prezident İlham Əliyev də çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş olduğunu vurğuladı. Antonio Koşta isə Azərbaycanı Aİ üçün strateji tərəfdaş kimi qiymətləndirərək əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiklərini bildirdi.
Əslində bu gün tərəflərin münasibətlərində müşahidə olunan dinamika təsadüfi deyil və təməli hələ 2025-ci ilin may ayında qoyulub. Belə ki, sözügedən tarixdə Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən görüşlərdə Prezident Avropa İttifaqının rəhbərliyi ilə siyasi dialoqun genişləndirilməsini müzakirə etmişdi. Ötən ilin oktyabr ayında isə Kopenhagendə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak edən İlham Əliyev tədbir çərçivəsində Antonio Koşta və Ursula fon der Lyayenlə görüşlər keçirib.Bu görüşlərin əsas müzakirə mövzusu Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, regionda davamlı sülhün təmin edilməsi, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı məsələləri olub. Elə bu təmaslar, müzakirələr də məhz Bakı və Brüssel arasında siyasi dialoqun genişləndirilməsi, tərəfdaşlığın daha sistemli əsaslar üzərində inkişaf etdirilməsi prizmasından mühüm addım kimi qiymətləndirilir. Məhz bu addımlar da 11 mart görüşünün təməlini, bünövrəsini təşkil edir. Bu səbəbdən də ötən il ərzində Azərbaycan və Aİ rəsmiləri arasında qarşılıqlı səfərlər daha da intensivləşib. Bu da öz növbəsində münasibətlərin dərinləşməsinə öz töhfəsini verib. Xüsusilə təhlükəsizlik, enerji və nəqliyyat sahələrində aparılan dialoqlar tərəfdaşlığın praktik məzmununu genişləndirib.
Qeyd etmək lazımdır ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artıq rəsmi Bakı mühüm tərəfdaş kimi çıxış edir. Eyni zamanda. təbii qaz ixracının artırılması istiqamətində də əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilir. Çünki Azərbaycanın Avropa bazarlarına sabit və etibarlı enerji tədarükçüsü olduğu sübuta yetirilib. Eyni zamanda, nəqliyyat və logistika sahəsində Azərbaycanın iştirak etdiyi regional nəqliyyat dəhlizləri Avropa ilə Asiya arasında əlaqələrin inkişafında strateji əhəmiyyət kəsb edir və qitələrarası ticarət və tranzit imkanlarının genişlənməsinə töhfə verir. Bütün bunlar isə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişaf etdiyini göstərməklə yanaşı, münasibətlərin daha yüksək və strateji səviyyəyə yüksəlməsi üçün möhkəm zəmin formalaşdırır.11 mart tarixində keçirilən Bakı görüşündən sonra səsləndirilən bəyanat Bakı və Brüssel arasında münasibətlərin yeni və strateji mərhələyə keçid etdiyini rəsmən təsdiq edir. Bəyanatda vurğulanır ki, tərəflər arasında əməkdaşlıq artıq yalnız konkret layihələr və gündəlik diplomatik təmaslarla məhdudlaşmır, həm də uzunmüddətli strateji tərəfdaşlıq xarakteri daşıyır. Sənəd Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin qarşılıqlı maraqlara əsaslandığını, tərəflərin suverenliyinə və bərabərliyinə hörmət prinsiplərini prioritet saydığını, eləcə də ortaq fayda və davamlı inkişaf məqsədlərini əsas götürdüyünü açıq şəkildə nümayiş etdirir. Əminliklə söyləmək olar ki, Bakı və Brüssel arasında siyasi dialoq daha da dərinləşəcək, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat sahələrindəki layihələr genişləndiriləcək. Bu səbəbdən də bəyanata tərəflər arasında əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən siyasi yol xəritəsi kimi də baxmaq olar.
Bununla yanaşı, sənəddə Vaşinqton Bəyannaməsinə toxunulması göstərir ki, Bakının sülh siyasəti və regionda dayanıqlı sabitlik yaratmaq səyləri artıq beynəlxalq səviyyədə tanınır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinə xüsusi diqqət yetirilməsi də sübut edir ki, Azərbaycanın formalaşdırdığı reallıqlar beynəlxalq səviyyədə təsdiqlənib. Bu həm də Aİ və digər beynəlxalq tərəfdaşlar üçün Azərbaycanın regionda sabitlik və inkişafın təşəbbüskarı olduğunu açıq şəkildə nümayiş etdirir və gələcəkdə regional layihələrdə əməkdaşlıq imkanlarını genişləndirir.
Vurğulamaq lazımdır ki, İlham Əliyev və Koştanın birgə mətbuat bəyanatında ölkəmizin regional nəqliyyat bağlantıları və tranzit dəhlizlərində aparıcı rolu rəsmi şəkildə təsdiqləndi. Bu isə sübut edir ki, Azərbaycan Avropa və Asiya arasında logistik qovşaq funksiyasını daha da möhkəmləndirir. Xüsusilə Orta Dəhliz layihəsi, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun modernizasiyası, eləcə də TRIPP layihəsi kimi təşəbbüslər tərəflər arasında əməkdaşlığın praktik səviyyədə dərinləşdirilməsi üçün mühüm imkanlar yaradır.Artıq Azərbaycan-Aİ əməkdaşlığı enerji, nəqliyyat kimi sahələrlə yanaşı, müdafiə, təhlükəsizlik, rəqəmsal transformasiya və innovasiya, ticarət və minatəmizləmə fəaliyyəti, bərpa olunan enerji və iqlim layihələri, təhsil proqramları, mədəniyyət və gənclər sahəsində əməkdaşlıq perspektivlərini də nəzərdə tutur. Buna görə də əminliklə söyləmək olar ki, münasibətlər çoxşaxəli və sistemli əməkdaşlıq modeli kimi formalaşır. Bu isə göstərir ki, tərəflər arasında münasibətlər uzunmüddətli, dayanıqlı və qarşılıqlı faydaya əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu əməkdaşlıq modeli tərəflərə regional və qlobal səviyyədə daha geniş inteqrasiya imkanları yaratmaqla yanaşı, siyasi, iqtisadi və sosial sahələrdə praktik nəticələr əldə etməyə şərait yaradır və tərəflər arasında etimadın möhkəmlənməsini təmin edir.
Nəticə olaraq söyləmək olar ki, birgə mətbuat bəyanatı Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın dərinliyini və əhəmiyyətini yüksək səviyyədə təsdiqləyir. Sənəd sayəsində mövcud əməkdaşlıq mexanizmləri daha da güclənir, gələcəkdə isə tərəflər arasında yeni layihələrin həyata keçirilməsi üçün zəmin yaradır…