Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə gömrük orqanlarında xidmətə yeni qəbul edilən gömrük əməkdaşlarının andiçmə mərasimində deyib.
Onun sözlərinə görə, hər bir gömrük əməkdaşı öz işinə yüksək məsuliyyətlə yanaşmalı və dövlət tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməlidir:
"Gömrük orqanının əməkdaşı and içməklə hüquqi və mənəvi öhdəlik götürür, dövlət qanunlarına riayət olunmasında və onların tətbiqində prinsipial mövqe nümayiş etdirərək gömrük nəzarətini layiqincə həyata keçirməyi öz üzərinə götürür. İstəyirəm ki, bu gün and içən gömrük əməkdaşları öz fəaliyyətlərini daim diqqətlə həyata keçirsinlər, vətəndaşlara qarşı nəzakətli və sayğılı olsunlar, fəaliyyətlərində prinsipiallıq nümayiş etdirərək gömrük orqanlarına həvalə edilmiş funksiyaların icrası üçün məsuliyyətlə çalışsınlar və xidmət nümunəsi göstərsinlər. Çünki hər bir gömrük əməkdaşı öz işinə yüksək məsuliyyətlə yanaşmalı və dövlət tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməlidir".
Ş.Bağırov eyni zamanda qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinə maksimal diqqət və qətiyyətlə yanaşmağın da mühüm əhəmiyyət kəsb etdiyini deyib:
"Bu istiqamətdə hər bir əməkdaş öz fəaliyyətində məsuliyyətli olmalı, qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməli və dövlət maraqlarının qorunması naminə prinsipial mövqe nümayiş etdirməlidir. Biz ticarətin asanlaşdırılması vasitəsilə ölkəmizdə iqtisadiyyatın genişlənməsinə xidmət edirik. Eyni zamanda malların idxalı və ixracı üçün münbit şərait yaradırıq. Azərbaycanın ixrac potensialı getdikcə genişlənir və bunun nəticəsində ölkəmiz həm iqtisadi, həm də digər sahələrdə daha da güclənir, vətəndaşların rifah halı yaxşılaşır. Buna görə də biz bu vəzifələrin yerinə yetirilməsini daim diqqətdə saxlamalı, fəaliyyətimizi davamlı şəkildə təşkil etməliyik. Bununla yanaşı, gömrük orqanlarının fəaliyyətində müasir texnoloji nailiyyətlərdən istifadə olunması da mühüm əhəmiyyət daşıyır. Gömrük orqanları bu istiqamətdə artıq müəyyən addımlar atırlar. Lakin bu proses davamlı təkmilləşmə və inkişaf istiqamətində aparılmalıdır".