Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-İran müharibəsi ilə bağlı kəskin bəyanatlarla çıxış edib.
Memur.az xəbər verir ki, o, bölgədə eskalasiyanın dayandırılmasına çağırıb və qarşıdurmanın genişlənməsinin təhlükəli nəticələr doğuracağını vurğulayıb.
Ərdoğan bildirib ki, Ankara bu müharibənin region ölkələri arasında uzunmüddətli və tükəndirici qarşıdurmaya çevrilməsini istəmir. Onun sözlərinə görə, baş verənlər artıq qlobal miqyasda təsir göstərir:
“Bu, hər nə qədər İsrailin müharibəsi olsa da, 8 milyard insan bunun bədəlini ödəyir. Bu, Netanyahunun siyasi sağ qalma müharibəsidir”.
Türkiyə lideri İsrail rəhbərliyini də sərt tənqid edərək qeyd edib ki, davam edən hücumlar sülh perspektivlərini ciddi şəkildə zədələyir:
“Netanyahunun rəhbərlik etdiyi qətliam şəbəkəsi regional sülh və bəşəriyyət naminə dərhal dayandırılmalıdır”.
Ərdoğan əlavə edib ki, beynəlxalq ictimaiyyət passiv qalmamalıdır və daha qətiyyətli mövqe nümayiş etdirməlidir:
“İsrailin barışmaz, maksimalist və radikal mövqeyinin diplomatik həll yollarını sabotaj etməsinə icazə verilməməlidir”.
Türkiyə prezidenti vurğulayıb ki, vaxtında addımlar atılmazsa, münaqişə daha geniş coğrafiyanı əhatə edərək qlobal təhlükəyə çevrilə bilər.