Londonun Siti Universitetində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
"Report" xəbər verir ki, tədbir Britaniya Azərbaycanlıları Cəmiyyətinin və Londonun Siti Universitetinin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Xocalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması heç də asan olmayıb və bununla bağlı faktların təqdim olunmasına baxmayaraq, hələ də Azərbaycana qarşı qərəzli mövqedən çıxış edənlər var.
Xüsusən də Ermənistanda revanşist qüvvələrin mövcud olmasına diqqət çəkən diplomat deyib ki, Prezident İlham Əliyevin söylədiyi kimi, xalqımız hər zaman birlik nümayiş etdirməli və ayıq olmalıdır. İkili standartların dünyada başqa xalqlar üçün də təhlükəli olduğunu qeyd edib və bildirib ki, vaxtında dünya ictimaiyyəti Xocalı soyqırımına qarşı etinasızlıq nümayiş etdirməsəydi, bu gün başqa xalqlara qarşı oxşar hadisələrin də qarşısı alına bilərdi.
Tədbir çərçivəsində Zəngilan rayonundan olan və Birinci Qarabağ müharibəsində ailə üzvlərini itirmiş Səyavuş Hüseynov ilə videomüsahibə təqdim olunub. Həmçinin "Müharibə uşaqların gözü ilə" sərgisində müxtəlif ölkələrdən, o cümlədən Böyük Britaniyadan uşaqların təqdim etdiyi rəsmlər və Xocalı həqiqətlərinə həsr olunmuş film nümayiş etdirilib.
Sonda ukraynalı skripkaçı Sofiya Yaborska Xocalı qurbanlarının xatirəsinə ithaf olunmuş musiqi parçaları səsləndirib.