Bu gün Özbəkistan Prezidentinin yanacaq-energetika məsələləri üzrə müşaviri Behzot Narmatovun və energetika naziri Şerzod Xocayevin rəhbərlik etdikləri nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müxtəlif müəssisələrini ziyarət edib, şirkətin fəaliyyəti ilə tanış olub.

Bu barədə "Memurtv.az"a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, SOCAR prezidenti Rövşən Nəcəfin müşayiəti ilə "Azəriqaz" İstehsalat Birliyinin İdarəetmə və Nəzarət Mərkəzində olan Özbəkistan nümayəndə heyəti "Ağıllı qaz şəbəkəsi" layihəsi, əməliyyat prosesinin rəqəmsallaşdırılması, idarəetmə mərkəzinin, qazpaylayıcı şəbəkənin fəaliyyəti və müasir texnoloji həllər ilə tanış olub.

Daha sonra "SOCAR Downstream Management" MMC-də olan Özbəkistan nümayəndə heyəti ilə SOCAR-ın emal və neft-kimya istiqamətində fəaliyyətinə, istehsal proseslərinin səmərəliliyinin artırılmasına dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti, həmçinin SABAH.city innovasiya mərkəzini ziyarət edib. Burada qonaqlar SOCAR-ın sənaye müəssisələrində innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqi istiqamətində görülən işlərlə tanış olublar.

Eyni zamanda "SOCAR Green"in əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və yaşıl enerji sahəsində gələcək inkişaf perspektivlərinə dair təqdimat edilib.