“BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanış olmaq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barədə danışdım”.

Memurtv.az xəbər verir ki, bu barədə BDU-ya yeni təyin olunan rektor Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, gənclərə öz suallarını vermək, cavabları müstəqil axtarmaq və tədqiqatlarda iştirak etmək üçün imkan yaratmalıyıq. Müəllimin tələbkarlığı da, tələbəyə göstərdiyi hörmət və qayğı da bu prosesdə eyni dərəcədə vacibdir: “Mən hər bir dekanı öz fakültəsinin akademik lideri kimi görürəm. Universitetdə təhsilin keyfiyyəti hər gün mühazirədə, seminarda, laboratoriya məşğələsində və elmi rəhbərin tələbə ilə söhbətində formalaşır. Dekan öz fakültəsində təhsil proqramlarının necə işlədiyini, hansı tədqiqatların dəstəyə ehtiyacı olduğunu, müəllimlər və gənc alimlər üçün hansı inkişaf imkanlarının yaradıla biləcəyini bilməlidir. Tələbələrin fikirlərini öyrənmək və fakültənin beynəlxalq akademik əlaqələrini inkişaf etdirmək də bu işin bir hissəsidir.

Yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istəyirəm. Bunun üçün həmkarlarımdan dürüst, peşəkar təhlil gözləyirəm. Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir.

Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir. Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm”.