Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertlərin azaldılması tarixi addımdır, lakin onun kompensasiya mənbəyi də araşdırılmalıdır.
"Memur.az" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Ən etibarlı kompensasiya mənbəyi ümumi daxili məhsulun (ÜDM) artımının sürətləndirilməsidir. Onun tempinin 1 % artması və yaxud azalması ilə 1,3 milyard manat udur və yaxud uduzuruq. İkinci məqam ondan ibarətdir ki, büdcədə nəzərdə tutulan, amma icra olunmayan vəsaitin hər manatı qarşılıqlı borclar sisteminin mexanizmi ilə keçəndə, sahədən asılı olaraq iki, üç, dörd və daha artıq manat borc yaradır. 2025-ci ildə debitor borcları 1 milyard manata qədər artıb", - deyə o qeyd edib.