1984-cü ilin iyununda Amritsarda baş verən hadisələr zikhlərə qarşı soyqırımı aktıdır və BMT-nin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyası çərçivəsində nəzərdən keçirilməlidir.
"Report" xəbər verir ki, bunu Böyük Britaniya Zikh Federasiyasının icraçı direktoru Sidhu Dabindercit Sinqh Bakıda keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda bildirib.
S.Sinqh xatırladıb ki, BMT-nin 1948-ci il tarixli Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasına əsasən, soyqırımı milli, etnik, irqi və ya dini qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş qəsdən törədilən hərəkətlər kimi müəyyən edilir.
O qeyd edib ki, zikhlər bu konvensiyanın müdafiəsi altına düşürlər, 1984-cü ilin iyun hadisələri isə məhz bu hüquqi kontekstdə nəzərdən keçirilməlidir.
Zikh Federasiyasının icraçı direktorunun sözlərinə görə, soyqırımı faktının müəyyən edilməsində əsas elementlərdən biri müəyyən bir qrupun məhv edilməsinə yönəlmiş xüsusi niyyətin olmasıdır.
S.Sinqh bu istiqamətdə bütün müvafiq faktların və sübutların hərtərəfli öyrənilməsi və təhlilinin zəruriliyini vurğulayıb.
O, həmçinin bildirib ki, Hindistanın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımamasına baxmayaraq, Soyqırımı haqqında Konvensiyanın iştirakçısı olan dövlətlərin milli hüquq sistemləri bu cür cinayətlərin araşdırılması üçün mexanizmlər nəzərdə tutur.