Azərbaycan və Belarus nəqliyyat və logistika sahələrində mühüm əməkdaşlıq potensialına malikdir.
"Memur.az"ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov belaruslu həmkarı Aleksandr Turçinlə görüşündə bildirib.
"Bu ilin yanvar-aprel aylarında tranzit daşımalarının həcmi 63 %-dən çox artıb. Bu da ölkələrimizin regional əlaqəliliyin və beynəlxalq marşrutların inkişafında artan rolunu təsdiqləyir", - S.Şərifov qeyd edib
O həmçinin iki ölkənin biznes subyektləri arasında əməkdaşlığın artan potensialını söyləyib:
"Məmnuniyyətlə qeyd etmək istərdim ki, Belarus biznesi Azərbaycanda 135-ə yaxın şirkət qeydiyyatdan keçirib, onlardan da 90-a yaxını aktiv fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan şirkətləri Belarus tərəfdaşları ilə sənaye kooperasiyasını dərinləşdirir. Məlum olduğu kimi, Gəncə Avtomobil Zavodu Minsk Traktor Zavodu (MTZ) və Minsk Avtomobil Zavodu (MAZ) ilə sənaye kooperasiyası çərçivəsində Azərbaycanda traktorların, yük avtomobillərinin, eləcə də digər kommunal və xüsusi texnikanın yığımını təşkil edib və bu sahədə əməkdaşlığı ardıcıl olaraq genişləndirir. Gəncə Avtomobil Zavodunda yığılan Belarus traktorlarının payı ölkəmizin traktor parkının 80 %-nə çatıb. MAZ avtomobillərinin bazasında 121 ədəd kommunal və yanğınsöndürmə texnikasının yığılması üzrə yeni müqavilələr imzalanıb".
S.Şərifov eyni zamanda vurğulayıb ki, Bakı və Minsk arasında yeni istiqamətlər üzrə də əməkdaşlıq genişlənir, xüsusilə də Azərbaycanda Belarus texnologiyası əsasında birgə lift yığımı həyata keçirilir:
"Sənaye kooperasiyasının yeni istiqamətlərinin, o cümlədən Azərbaycanda məişət texnikası yığımının təşkili, həmçinin Belarus texnologiyaları və təcrübəsi əsasında dərman və baytarlıq preparatlarının istehsalı yolu ilə fəal axtarışı gedir. Belarus komponentləri əsasında Azərbaycanda mineral gübrələrin istehsalı və ildə 20 min ton həcmində toyuq əti istehsalı üzrə inteqrasiya olunmuş aqrar-sənaye kompleksinin yaradılması ilə bağlı layihələr xüsusi diqqətə layiqdir".
Baş nazirin müavini əlavə edib ki, Belarus Azərbaycanın Ağdam rayonunun Qızıl Kəngərli kəndinin layihələndirilməsi üzrə işləri yekunlaşdırır.