Sahibə Qafarova: İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir

sosial sebeke

Sahibə Qafarova: İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədirBu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir.

"MemurTv.az" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü oıan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, zəngin tarixi və mədəni irsi, böyük təbii və insan resurslarına baxmayaraq, bu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir:

"Yoxsulluq, sosial və iqtisadi bərabərsizliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm dayanıqlı inkişaf istiqamətində göstərilən səylərə ciddi təsir göstərir və onları məhdudlaşdırır. Bu çətinliklərin öhdəsindən gəlmək və mövcud potensialını tam şəkildə reallaşdırmaq üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi əbədi İslam dəyərlərinə əsaslanan birlik və həmrəyliyinə ehtiyacı var".

S.Qafarovanın sözlərinə görə, getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqələrin gücləndiyi müasir dünyada müsəlman ölkələrinin birlikdə hərəkət etməsi, bir-birini dəstəkləməsi və ortaq məqsədlər naminə fəaliyyət göstərməsi heç vaxt indiki qədər vacib olmayıb:

"Parlamentlər bütün bu məsələlərin həllində mühüm rol oynayırlar. Eyni inancı paylaşan dost və qardaş xalqların nümayəndələri olaraq biz ziddiyyət və parçalanmanı deyil, həmrəyliyi, dialoqu və birliyi təşviq etməliyik".

Milli Məclisin sədri daha sonra Azərbaycanın İslam mədəniyyətini təşviq edən, İslamın sülh və mərhəmət dini olduğunu nümayiş etdirən çoxsaylı tədbirlər təşkil etdiyini və mühüm təşəbbüslər irəli sürdüyünü vurğulayıb.

Çıxışının davamında İsrail-Fələstin münaqişəsinə toxunan S.Qafarova Azərbaycanın bu konfliktin beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini qətiyyətlə dəstəklədiyini diqqətə çatdırıb:

"Bu mövqe Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyətində, o cümlədən BMT, İƏT və s. təşkilatlar çərçivəsində çıxışlarda da öz əksini tapır. Eyni mövqe parlamentimizin Asiya Parlament Assambleyasına ikiillik sədrliyi dövründə də ardıcıl şəkildə müdafiə olunub".

SON XƏBƏRLƏR