Azərbaycanda səfərdə olan Keniya Ali Məhkəməsinin sədri Marta Koomenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ali Məhkəmədə görüş keçirilib.
Bu barədə "Memur.az"a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Ali Məhkəmənin sədri İnam Kərimov iki ölkə arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib, məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı maraq doğurduğunu qeyd edib.
Qonaqlara ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması istiqamətində görülən işlər, eyni zamanda məhkəmə sisteminin müasirləşdirilməsi və rəqəmsallaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Keniya Respublikası Ali Məhkəməsinin sədri Marta Koome səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanın məhkəmə sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirib. Xüsusilə Azərbaycan məhkəmə sistemində həyata keçirilən islahatların, rəqəmsallaşma, "Elektron məhkəmə" informasiya sisteminin və məhkəmə idarəçiliyində tətbiq olunan müasir yanaşmaların öyrənilməsində maraqlı olduğunu qeyd edib.
Görüşün yekununda Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Keniya Respublikası Ali Məhkəməsi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandum məhkəmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, hakimlərin və məhkəmə əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması, habelə məhkəmələr arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi məqsədini daşıyır.
Görüşdə Azərbaycanın Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.