Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə şəhər gəzintisi olub.

"Memurtv.az"ın Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan nümayəndə heyəti şəhərin müxtəlif məkanlarını ziyarət edib, Özbəkistanın tarixi, memarlığı və mədəniyyəti ilə yaxından tanışlıq imkanı əldə ediblər.

Gəzinti zamanı qonaqlara Daşkəndin qədim tarixi, zəngin memarlıq üslubu və müasir şəhərsalma ənənələri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti paytaxtda tarixi abidələr, muzeylər və mədəniyyət mərkəzləri ilə yaxından tanış olub, özbək xalqının çoxəsrlik mədəni irsi və sənətkarlıq nümunələrinə baxış keçiriblər.

Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət Günləri noyabrın 30-dan dekabrın 7-dək davam edəcək və Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərini əhatə edəcək.

Mədəniyyət Günləri 1926-cı ildə Bakıda təşkil olunmuş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib. Tədbirlərin əsas məqsədi Azərbaycan xalqının zəngin tarixi-mədəni və ədəbi irsini Özbəkistanda təbliğ etmək, iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirməkdir.

Proqram çərçivəsində muğam və klassik musiqi, caz, teatr, kino və müasir təsviri incəsənət nümunələri təqdim olunacaq. Həmçinin Azərbaycan maarifçi qadınlarının irsinə və müasir qadın rəssamların yaradıcılığına həsr olunan tədbirlər keçiriləcək.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri və Xivədə Şuşa Günləri, 2025-ci ildə isə Bakıda Özbəkistan Mədəniyyəti Günləri keçirilib.