Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik danışıqlara keçmək üçün Kiyevin mövcud təmas xətti üzrə atəşkəsə razılaşmağa hazır olduğunu təsdiqləyib.
"Memurtv.az" xəbər verir ki, Zelenski bu barədə "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
Ukrayna Prezidenti belə bir addımı "çox böyük kompromis" adlandırıb və ümidvar olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Tramp bütün məsuliyyəti Ukraynanın üzərinə qoymadan müharibəni başa çatdırmağın ədalətli yolunu tapa biləcək.
"Biz belə addımlara - olduğumuz yerdə qalmağa və dayanmağa hazırıq. Biz toqquşma xəttində atəşkəsdən danışırıq. Bu, kompromisdirmi? Əlbəttə, çox böyük kompromisdir. Biz anlayırıq ki, o (Rusiya Prezidenti Vladimir Putin - red.), torpağımızdan getmək istəmir. Məhz buna görə də biz deyirik: yaxşı, burada dayanaq və diplomatiyaya keçək", - Zelenski qeyd edib.
Vaşinqtonun münaqişənin nizamlanmasındakı rolunu şərh edən Ukrayna Prezidenti bildirib ki, diplomatik səyləri davam etdirmək üçün Trampda zəruri konstitusiya səlahiyyətləri qalmaqdadır.
"Ümid edirəm ki, o (Tramp - red.) bu müharibəni necə başa çatdırmağın yolunu axtarmağa davam edəcək, amma bunun altını Ukraynanın çəkməli olduğu bir vəziyyətdə yox, çünki bu, doğru deyil", - Ukrayna lideri vurğulayıb.




