
“Güclü dövlət yalnız vergi toplamağı bacaran deyil, topladığı vergini ədalətlə idarə edən dövlətdir.”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat qeyd edib ki, son illərdə Azərbaycanda səhiyyə sisteminin inkişafı, icbari tibbi sığortanın tətbiqi, tibbi xidmətlərin əlçatanlığının artırılması və səhiyyə müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir
“Bununla belə, səhiyyə sahəsində vergi və sosial ödənişlərə münasibətdə mövcud olan bəzi fərqli yanaşmaların yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Bu gün ölkəmizdə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən institutlar, ali tibb təhsili müəssisələrinin klinikaları, digər dövlət tibb müəssisələri və özəl xəstəxanalar eyni səhiyyə sisteminin tərkib hissələridir. Onların hər biri insan sağlamlığının qorunmasına, tibbi xidmətlərin göstərilməsinə və səhiyyənin inkişafına xidmət edir.
Lakin bu müəssisələrin vergi və sosial ödəniş rejimlərində təşkilati-hüquqi statusundan, mülkiyyət formasından və aid olduğu sektordan asılı olaraq ciddi fərqlər mövcuddur. Müxtəlif dövrlərdə qeyri-neft-qaz sektoruna tətbiq edilən güzəştlər, əməkhaqqının müəyyən hədlərinə, o cümlədən 8 min manatadək olan hissəsinə münasibətdə fərqli vergitutma mexanizmləri, ayrı-ayrı müəssisələrə şamil olunan xüsusi rejimlər nəticəsində eyni peşə fəaliyyəti ilə məşğul olan tibb işçilərinin vergi və sosial ödəniş yükü fərqlənə bilir.
Eyni ixtisasa, eyni peşə məsuliyyətinə malik və eyni tibbi xidməti göstərən həkimlərin yalnız çalışdıqları müəssisənin hüquqi statusuna görə fərqli maliyyə şərtləri ilə üzləşməsi səhiyyə sistemində sağlam rəqabətə, kadrların ədalətli bölgüsünə və müəssisələrin dayanıqlı inkişafına mənfi təsir göstərə bilər. Burada məsələ hansısa müəssisəyə verilmiş güzəştin ləğv olunması və ya digərinin üstünlük əldə etməsi deyil. Məsələ bütün səhiyyə müəssisələrinə münasibətdə vahid, şəffaf və ədalətli prinsiplərin müəyyən edilməsidir.
Biz səhiyyə müəssisələrinə yalnız onların hansı qurumun tabeliyində olmasına görə deyil, göstərdikləri tibbi xidmətin mahiyyətinə, ictimai əhəmiyyətinə və fəaliyyət şərtlərinə görə yanaşmalıyıq. Səhiyyə Nazirliyinin institutu, universitet klinikası, dövlət xəstəxanası və ya özəl tibb müəssisəsi - bunların hamısı vahid səhiyyə sisteminin iştirakçılarıdır. Dövlət siyasəti də bu bütövlüyü nəzərə almalıdır”, - parlamentari qeyd edib.
Nuranə Daxilqızı



