Böyük Britaniya Azərbaycanın nəqliyyat, infrastruktur və rəqəmsal sektorlarına Britaniya investisiyalarının cəlb edilməsi istiqamətində Azərbaycanla birgə çalışır.

Memurtv.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq yeni istiqamətləri də əhatə edir. Bu çərçivədə London və Bakı fond birjaları arasında əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan şirkətlərinin London Fond Birjasında ikili listinqinin təşviqi nəzərdə tutulur.

“Bizim əməkdaşlığımız yeni sahələri də əhatə edir. Azərbaycan şirkətlərinin Londonda ikili listinqə çıxmasını təşviq etmək üçün London və Bakı fond birjaları arasında qarşılıqlı əlaqələri asanlaşdırırıq. Bununla yanaşı, regionun nəqliyyat, infrastruktur və rəqəmsal sektorlarına Britaniya investisiyalarının cəlb edilməsi üçün azərbaycanlı tərəfdaşlarla işləyirik”.

Dunkan Norman enerji sahəsinin Azərbaycan-Böyük Britaniya münasibətlərinin əsas istiqaməti olaraq qaldığını da vurğulayıb.

O qeyd edib ki, tərəflər 30 ildir davam edən enerji əməkdaşlığını yeni layihələrlə inkişaf etdirirlər. Səfir Xəzər regionundan Avropa bazarına təmiz enerjinin çatdırılmasını nəzərdə tutan Xlinks və Yaşıl Enerji Dəhlizi şirkəti arasında imzalanmış anlaşma memorandumunu müsbət qiymətləndirib və bu təşəbbüsə dəstək verəcəklərini bildirib.

Diplomatın sözlərinə görə, qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında saziş üç əsas istiqamətə söykənir: ticarət, investisiya və iqtisadi artım; innovasiya və təhsil; müdafiə və təhlükəsizlik.

Səfir hesab edir ki, bu tərəfdaşlıq iki ölkə arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin başlanğıcı olacaq və həm Britaniya, həm də Azərbaycan vətəndaşları və biznesləri üçün real faydalar yaradacaq.

O, həmçinin təhsil və elm sahəsində əlaqələrin genişləndirilməsinin, süni intellektin və rəqəmsal transformasiyanın inkişafının, əmək bazarı üçün yeni bacarıqlara malik mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulayıb.

Dunkan Norman bildirib ki, Britaniya şirkətləri ilə birlikdə Ələt Azad İqtisadi Zonasında müasir məlumat mərkəzi infrastrukturunun yaradılması istiqamətində fəal əməkdaşlıq aparılır.

Səfir təhsil sahəsində də iki ölkə arasında güclü əlaqələrin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, uzun illərdir Böyük Britaniya Azərbaycan dövlət təqaüdü alan şəxslər üçün ən populyar təhsil istiqaməti olaraq qalır.

Bununla yanaşı, Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən Chevening təqaüd proqramı azərbaycanlı gənclərə Britaniya universitetlərində magistr təhsili almaq imkanı yaradır.


Diplomat bildirib ki, 2027/2028-ci tədris ili üçün proqrama müraciətlərin sayı son yeddi ilin ən yüksək göstəricisinə çatıb. Tərəflər tələbələr, tədqiqatçılar, müəllimlər və təhsil müəssisələri arasında mövcud əlaqələri daha da gücləndirmək niyyətindədirlər.