İlham Əliyev: “Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm” » Memur.az

İlham Əliyev: “Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm”

İlham Əliyev: “Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm”“Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?”

Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. 

Dövlət başçısı qeyd edib ki, 13-14 sentyabr hadisələri elə-belə baş vermədi:

“Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. Cavabımız bir qədər az da ola bilərdi, əgər onlar öz üzərilərinə götürdükləri öhdəliklərə əməl etsəydilər. Cavabımız daha sərt ola bilərdi, əgər biz yeni müharibə istəsəydik. Biz bunu istəmirik, qan tökülməsini istəmirik. Sadəcə olaraq, haqqımızı istəyirik.

13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. 

Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.