Elşad Məmmədovun adı peşəkar çevrələrə yaxşı tanışdır. O, iqtisad üzrə elmlər doktoru, professor kimi makroiqtisadiyyat və maliyyə siyasətinə dair çoxsaylı elmi-tədqiqat əsərlərinin müəllifidir.
Elşad Məmmədov hökumətin sosial siyasətinin kritik nöqtəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ictimai nəzarətin həyata keçirilməsinə rəhbərlik edir.
Beş ilə yaxındır ki, sosial müdafiə, pensiya təminatı, əlillik, müharibə veteranları, məşğulluq və digər həssas qruplarla bağlı müraciətlərin araşdırılmasında ƏƏSMN yanında İctimai Şura da yaxından iştirak edir.
Elşad Məmmədov “Yeni Sabah”a müsahibəsində siyasi kuluarlarda özü ilə bağlı dolaşan iddialara münasibət bildirib.
O, vaxtı ilə Azərbaycana rəhbərlik etmiş atası Yaqub Məmmədovun parlament sədrliyinə seçilməsindən istefasına, Şuşanın işğalından azad olunmasına qədərki tarixi hadisələrin canlı şahidi kimi, gözünün önündə baş verənlərlə bağlı suallarımızı cavablandırıb.
Elşad Məmmədovun müsahiblərin bir çoxunda xronik hal alan “suallarla əvvəlcədən tanış olmaq” və “müsahibəni yayımdan əvvəl nəzərdən keçirmək” kimi tələblərinin olmaması onun yüksək peşəkarlıq səviyyəsinin və özünə inamımın göstəricisi sayıla bilər.
Onunla müsahibənin ikinci hissəsini təqdim edirik:
Əvvəli burada
- Elşad bəy, Siz dövlət və elm xadimi, Ali Sovetin keçmiş sədri, Prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədovun oğlusunuz. Dolayısı ilə, qanınızda siyasətçi geni var. Gələcəkdə bu genin davamı olaraq, hökumət strukturunda siyasi vəzifədə təmsil olunmaq istəyiniz varmı?
- Birmənalı olaraq siyasi fəaliyyətlə məşğul olmaq niyyətim yoxdur. Mən sırf iqtisadiyyata fokuslanmışam və bundan sonra da yalnız iqtisadiyyatla məşğul olmaq fikrindəyəm. İqtisadi blokla bağlı, sosial-iqtisadi sahəyə cavabdeh olan aidiyyatı nazirliklərə, dövlət qurumlarına bir iqtisadçı-alim kimi öz dəstəyimi verməyə hazıram. Məni hansısa iqtisadi quruma dəvət etsələr, maksimum şəkildə dəstək göstərərəm. Hesab edirəm ki, hər kəs öz sahəsində peşəkar olmağa və qarşısında duran missiyanı layiqincə yerinə yetirməyə çalışmalıdır.
- Özünüzü qanunverici orqanda, yoxsa hökumət strukturunda görürsünüz?
- İqtisadçıların parlamentdə təmsil olunmaları dünya təcrübəsində geniş yayılıb. Mənim həmkarlarım hökumətin iqtisadi blokuna aid nazirliklərdə, agentliklərdə, komitələrdə də fəaliyyət göstərirlər. Düşünürəm ki, alimlərin fundamental-nəzəri biliklərinin praktiki iqtisadiyyatda tətbiqi çox vacibdir. Sözsüz ki, iqtisadçı-alim və iqtisadçı-analitik olaraq istər parlamentimizə, istər hökumətimizin iqtisadi blokuna öz təkliflərimi, ideyalarımı, təşəbbüslərimi verməyə həmişə hazıram.
- Atanızla məsləhətləşirsinizmi?
- Atamla münasibətlərimdə konkret yanaşma var: mən heç vaxt onun peşəkar fəaliyyətinə qarışmamışam, o da mənim. İstər iqtisadçı, istər universitet işimlə, istər də ictimai şuralardakı fəaliyyətimlə bağlı atamla heç bir müzakirəm, məsləhətləşmələrim olmayıb. Ümumiyyətlə, atamla, digər ailə üzvlərimlə ünsiyyətdə olarkən maksimum şəkildə çalışıram ki, ailə məsələlərimizdən danışaq. Tək atamla deyil, anamla da, digər ailə üzvlərimlə də. Ümumiyyətlə, ailəmizdə münasibətlər belə qurulub. Atamın işi ilə bağlı heç vaxt ona suallar vermirəm. O da işimlə bağlı mənə. Yəni biz peşəkar münasibətlə ailədaxili məsələlər arasında konkret sərhəd qoymuşuq. Heç kim bir-birinin peşəkar fəaliyyətinə qarışmır.Bir gecədə dəyişən siyasi status
- Yaqub müəllimin Ali Sovetə sədr və Prezident səlahiyyətlərini icra edən şəxs seçildiyi günü necə xatırlayırsınız? Əvvəldən bununla bağlı ailənizin məlumatı var idimi?
- Həmin dövrdə 15 yaşım var idi. Orta məktəbə bir il tez getdiyim üçün 15 yaşında 11-ci sinifdə idim. Universitetə də hazırlaşdığım üçün hazırlıq prosesləri ilə çox yüklənmişdim.
İndi internet dövrüdür. O vaxtlar isə informasiyaları ancaq televiziya, radio və yazılı mətbuat yayırdı. Bir hadisə olanda çox vaxt ertəsi gün qəzetdən oxuyurduq. 15 yaşında bir uşaq kimi bu xəbər mənim üçün çox gözlənilməz oldu. Xatırladığım qədər soyuq bir gün idi. Məktəbdən qayıtdım. Seçki prosesi uzun-uzadı olduğu üçün gecəyə qədər davam edirdi. Gecə bunu eşitdik. Çox gözlənilməz idi.
- Yaqub müəllim zəng vurub dedi?
- Yox, telefonla kimsə zəng elədi, anama dedi. Sonra televiziyada və radioda da elan olundu. Bu hadisə ailəmiz üçün çox gözlənilməz oldu. Çünki atam universitet rektoru, alim, elm adamı idi. Düzdür, o vaxt mən çox kiçik idim. O yaşda böyük analiz aparmam mümkün deyildi. Amma heç gözləməzdim. Çünki bu tamam başqa bir istiqamət idi.
- Səhəri gün məktəbə ölkənin faktiki birinci şəxsinin oğlu kimi getdiniz. Yəqin forslanmışdınız...
- Çox sadə... dərslərimə davam etdim. Məktəb evimizə yaxın idi. Yolu keçirdin, məktəbimiz idi. Təbii ki, müəllimlər dəyişiklik olduğunu bilirdilər. Amma sadə münasibətlər davam edirdi. Şagirdlər arasında da fövqəladə münasibətin şahidi olmadım.
- Müəllimlərdən xüsusi münasibət hiss etmədiniz?
- Mən onsuz da, ona qədər də əlaçı, Qızıl medal almağa namizəd idim. Bu hadisə də yazda baş verdiyi, qəbul imtahanlarına da 2-3 ay qaldığı üçün maksimum şəkildə qiymətlərimin 5 olmasına fokuslanmışdım. Çünki atam da, anam da bizim təhsilimizdə kifayət qədər sərt xasiyyətli idilər. Misalçün, hansısa fəndən 4 alsaydım, bu mənimçün çox ciddi həyəcan və stress ola bilərdi.
- Bu vəzifəyə davam edə biləcəyinə ailənizdə inam var idimi?
- O dövrdə atamı çox az görürdüm. Bizdə də bir adət var idi: axşam saat 10-dan sonra bizim evdə icazə yox idi ki, oturub televizora baxasan. Saat 10-da yatırdıq, səhər 7-də də qalxıb, məktəbə gedirdik. Tibb Universitetində işləyəndə atam işə bir az gec gedib, axşam 7-8-də qayıdırdı. O dövrdə biz axşamlar bir yerdə otururduq. Amma Ali Sovetin sədri olduğu vaxtlarda biz çox az-az görüşürdük. Və hətta əməlli-başlı darıxırdıq. Çünki faktiki olaraq, biz valideynimizlə ünsiyyət qura bilmirdik. Az-az baş verən qısa görüşlərimizdə də işlə bağlı söhbətlərə, heç vaxt da qalmırdı.
Şuşanın işğal günündən azad olunmasına qədər Yaqub Məmmədov
- Şuşanın işğalı onun hakimiyyəti dövründə olub. Bu faciəni evdə necə yaşadınız?
- Atam çox ağır keçirdi. İstefa verəndən sonra da bunu hiss etdim. Biz valideynlərimizi psixoloji baxımdan yaxından tanıyırıq axı. Mən görürdüm ki, o, böyük sarsıntı keçirib.
Şuşa azad olunan gün mən onda gördüyüm göz yaşları çox təsirli, ağır səhnə idi. Elə bil ki bu insan bu illər ərzində həmin anı gözləyirdi. Biz avtomobildə idik. Mən onu bağa aparırdım. Onu bu vəziyyətdə görüb avtomobili saxladım. Yaşlı insan...o yaşda insanın göz yaşlarını görmək ağırdır. Mən bir müddət dayandım, çünki o cür emosional vəziyyətdə avtomobili idarə etmək düzgün deyil. Gördüm ki, atam çox böyük həyəcan keçirir. O çox təsirlənmişdi. O anda danışa bilmirdi. Anam da, digər ailə üzvlərimiz də maşında idik. Biz atama baxıb qorxduq ki, yaşlı adamdır, birdən səhhətinə nəsə olar. Onun həmin andakı vəziyyətini sözlə çatdırmaq çətindir.- Belə durumlarını başqa vaxt da görmüşdünüz?
- Yox, atam çox soyuqqanlı insandır. Bəzi adamlar var ki, kövrək olur deyə onun ağlaması ətrafı üçün şok olmur. Onun atası, anası, qardaşları dünyasını dəyişib – heç vaxt belə reaksiyanı görməmişdim. O reaksiyanı ancaq Şuşa işğaldan azad olduğu gün gördüm – çox böyük sevinc və göz yaşları idi. Allaha min şükür ki, biz hamımız o günü gördük. Allaha min şükür ki, atam o günü gördü.
- Şuşanın atanızın hakimiyyəti dövründə işğal olunması məsuliyyəti də onun üzərində olub...
- Şuşanın işğal olunması ona çox təsir eləmişdi. Söhbət düşəndə mövzunu dəyişirdi.
- Xəyanəti səbəbini nədə görürdü?
- O, professional işi barədə danışmırdı. Yenə universitetdə rektor işlədiyi dövrdə, bəzən imtahan prosesi barədə nəsə danışardı. Amma parlamentdə sədr olduğu dövr barədə danışmağa meylli deyil.
- Onun istefa verdiyi 15 may gününü necə xatrlayırsınız?
- 15 mayda evdən çıxıb parlamentə gedirdi. O vaxt Xalq Cəbhəsi-Müsavat qüvvələri hakimiyyəti ələ keçirirdilər. O, parlamentə getdi, artıq şayiələr var idi ki, şəhərdə sakitlik yoxdu, mitinqlər gedir. Mən, qardaşım və bacım həyətdə idik. Üçümüz də kiçik idik. Evə qalxdıq. O anda nə üçünsə qısa müddətə evə gəlmişdi. Onda eşitdim ki, şəhərdə mitinqlər var. Ona görə o, işə gedəndə bərk narahat olduq. Üstündən çox vaxt keçmədi, qayıtdı. Onda anladıq ki, qarşıdurma var. Səhv etmirəmsə, elə həmin günün gecəsi, yaxud axşamı proseslər getdi, sonra hakimiyyət dəyişikliyi oldu. Mayın 18-də o, iclasa getmədi. İstefa ərzisəini yazılı göndərdi.
- Bu addımı ilə bağlı evdə nə dedi?
- Biz prosesləri bundan daha artıq şəkildə anlaya bilmək üçün çox balaca idik. Ona görə də təfsilatlarını xatırlamıram. Tək xatırladığım - atam dedi ki, universitetə qayıdacağam, alimliyimi edəcəyəm.
İqtisadi böhran daha da dərinləşəcək
- Dünyada iqtisadi-ticari müharibələrin getdiyi bir dövrdə iqtisadçi kimi proqnozlarınız maraqlıdır. Bir çoxları hesab edir ki, neftin qiymətinin getdikcə ucuzlaşdığı, qızılın, əksinə bahalaşması - devalvasiya ehtimallarını gündəmə gətirir. Qlobal iqtisadiyyatın hazırki durumu Azərbaycan üçün nələr vəd edir?
- Düşünürəm ki, dünya iqtisadiyyatındakı böhran daha da dərinləşəcək. Böhran hələ pik nöqtəsinə çatmayıb. İqtisadi nəzəriyyədə bir dövrü böhran, bir də struktur böhranı deyə bir şey var.
Dövrü böhran iqtisadiyyatın müəyyən mərhələlərində yaranan müvəqqəti tənəzzül dövrünü ifadə edir; struktur böhranı isə mövcud iqtisadi və texnoloji modelin köklü şəkildə dəyişməsini zəruri edən daha dərin və uzunmüddətli prosesdir.
Böhranları aidiyyatı üzrə diferensasiya etməyin tərəfdarıyam. İqtisadiyyat da səhiyyə kimidir - diaqnoz düzgün qoyulmalıdır ki, müalicə də düzgün aparılsın. Bəşəriyyət olaraq o dövrü yaşayırıq ki, qlobal miqyasda dövrü və struktur böhranlarının üst-üstə düşməsinin şahidi olduq. Bu proses davam edir. Burda söhbət ondan gedir ki, texnologiyaların inkişafı ilə texnoloji quruluşlar dəyişir. Hal-hazırki texnoloji quruluşun mərkəzində rəqəmsallaşma, süni intellektdir. İnformasiya-kommunikasiya texnologiyalarının süni intellekti tətbiqi ən çox insan kapitalı ilə bağlı olan sahələrdədir. Dünya iqtisadiyyatından biz görürük ki, sıçrayış məzmunlu inkişaf səhiyyədədir. Dünyada yeni texnoloji quruluşun əsas sahəsi səhiyyədir.
Maliyyə sektoru ilə real istehsal arasında böyük bir uçurum var. Maliyyə köpükləri əmələ gəlib. Bu gün aşırı dərəcədə maliyyə köpükləri var. Pul kütlələri var ki, onlar real iqtisadiyyatda deyil, maliyyə bazarlarında formalaşır. Biz görürük ki, hansısa şirkətlər dəhşətli mənfəətlər əldə edirlər, amma onlar real istehsalla məşğul deyillər, elə birjalarda səhmlərin qiymətlərinin artmasından mənfəətlər götürürlər. Bu, böyük bir struktur böhrandır. Dünya miqyaslı problemdir. Ona görə də baş verən keçid prosesləri istər-istəməz iqtisadiyyatdakı problemləri dərinləşdirir. Belə olan halda, ən dayanıqlı investisiya alətləri kimi ən etibarlı aktivlər çıxış edir. Ona görə də qızılın qiymətinin get-gedə artmasının şahidi oluruq. Bu proses hələ davam edəcək və qızılın qiyməti daha da artacaq. Ola bilər ki, qısa müddətə eniş olsun, amma uzun müddətli perspektivdə biz qızılın qiymətinin hələ xeyli dərəcədə artmasının şahidi olacağıq.
O ki qaldı neft amilinə, hesab edirəm ki, burda da düzgün diferensasiya aparmalıyıq. Söhbət yalnız neftin qiymətinin nominal dəyişməsindən getmir. Həm də neft ixrac olunubsa, onun ticarəti dollarla reallaşdırılırsa, həmin dolların alıcılıq qabiliyyəti çox düşüb. Son illər ərzində biz görürük ki, bu günkü 100 dollar 5-10 il bundan öncəki dollar deyil. Dünyada pul kütləsi artdığı üçün maliyyə resurslarının dəyəri tədricən düşür və bu proses davam edəcək. Buna görə də bizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı olan proqramlar reallaşdılır. Bu proqramlar artıq öz effektini verir. Eyni zamanda, mən düşünürəm ki, biz qeyri-xammal sektorumuzun inkişafını davam etdirməliyik. İdxalın lazımi istiqamətlər üzrə əvəz olunmasını təmin etməliyik. Daxili bazarda daha çox yerli məhsulların olmasına çalışmalıyıq. Bununla birlikdə ixracı da şaxələndirməli, ixracımızın neft amilindən asılılığını azaltmalıyıq.